Sosial Tədqiqatlar Mərkəzində (STM) “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildinin təqdimatı ilə bağlı konfrans keçirib.
“Füyuzat”ın məlumatına görə, tədbirdə deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri və tanınmış simalar iştirak ediblər.
“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.
Kitabda 22 məbəd, 20 qala, 18 qayaüstü təsvir / qədim yaşayış məskəni, 11 pir / ocaq / ziyarətgah, 11 qəbirüstü abidə, 10 türbə, 9 daşüstü kitabə, 8 məscid, 6 karvansara, 6 körpü, 5 arxeoloji abidə, 4 qəbirüstü heykəl, 4 dini məktəb, 3 günbəz, 3 etnoqrafik arxeoloji abidə, 3 mədrəsə, 1 məhəllə haqqında məlumat verilib. Ermənilər tərəfindən bu abidələrin 76-sı mənimsənilib, 44-ü xaraba qalıb, 24-ü isə tamamilə dağıdılıb.
Konfransı açıq elan edən STM İdarə Heyyətinin sədri, millət vəkili Zahid Oruc bunları qeyd edib:
“Sizinlə toplaşdığımız bu salon Şəhidlər Xiyabanı, Prezident Sarayı və Təhlükəsizlik orqanlarının əhatəsindədir. Xalqımıza qarşı cinayət aktları törədən erməni hərbi-siyasi rəhbərlərinin bir addımlıqda mühakimə edilməsi ilahi ədalətin təntənəsidir. Adətən təsəvvürlər reallıqdan irəli olur, lakin ölkəmizin gerçəkliyi düşüncələrimizi ötür, arzularımızı qabaqlayır.
8 noyabrda gözlənilən Zəfər paradının Xakəndi–Şuşa zirvəsinə çatması və təntənəli keçidi Silahlı Qüvvələrimizin haqqıdırsa, Azərbaycanın çarizm, sovet və müstəqillik tarixində heç bir liderə müyəssər olmayan missiyadırsa, Ulu öndər Heydər Əliyevin ikinci arzusunun – Göyçəyə, Zəngəzura, İrəvana qayıdışın da reallaşacağına inanırıq. Lakin dinc yolla, silahsız və sülhü qazanaraq..
10-cu Türk Zirvəsi göstərdi ki, Yaxın Şərqin və Rusiya–Ukrayna müharibəsinin gələcək qlobal nəticələrinə də Azərbaycan dövlətinin düzgün, hərtərəfli, strateji baxışı istənilən beynəlxalq konflikti ədalətlə sonlandırmağa imkan verir.
İlham Əliyev 24 dekabr 2022-ci il tarixində, özəl günündə ona qədər məcburi köçkünlərlə keçirdiyi görüş ənənəsini qərbi azərbaycanlılarla əvəzlədi, Qayıdışı daha böyük üfüqlərə daşıdı. Qaydış yalnız azad torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni köklərə, dəyərlərə, ənənələrə, əcdadların irsinə və yaratdıqları mirasa, bir sözlə öz varlığına və kimliyinə sahib çıxmaq deməkdir. Prezidentin çağırışı əsla “Rusiya, İran, Gürcüstan və Ermənistan ərzilərində tarixi torpaqlarımız qalıb, qonşu dövlətlərə hücum və ərazi iddiaları edək” deyil, könül və siyasi coğrafiyamızın 86,6 min kvadrat kilometrdən daha böyük olduğunu gələcək nəsillərə çatdıran, tarixi yaddaşı diri və canlı tutan sülhpərvər strateji proqramdır. Biz heç bir dövlətə ərazi iddiası etmirik.
Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər.
Nəhayət, sonda dünya düzəni, daha doğrusu, xaosu fonunda Azərbaycanın yaratdığı yeni regional geosiyasi reallıq sülhə daha çox zəmanət verir. Canlı yayımla izlənən Qəzza savaşına BMT, ATƏT, Avropa Birliyi, Avropa Parlamentinin seyrçi qalması, qərarsız toplantıları beynəlxalq təhlükəsizlik sisteminin iflasını göstərir. Tarixdə ilk dəfədir, Azərbaycan taleyini özü həll edir. Biz Göyçəyə Qarabağdan qayıdacağıq. İrəvana gedən yollar işğaldan azaddır. Hər bir azərbaycanlı deyir:
Biz bir daha köçkün düşməyəcəyik!
Biz bir daha qaçqına çevrilməyəcəyik!
Biz bir daha işğala və torpaq itkisinə məruz qalmayacağıq!
Qələbəmiz davamlı və əbədi olacaqdır!”
Daha sonra millət vəkili Əziz Ələkbərli çıxış edib:
“Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ məsələsi tarixin arxivinə göndərildikdən sonra cənab Prezidentin keçən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasındakı çıxışı zamanı Azərbaycanın Qarabağ münaqişəsindən sonrakı dövr üçün yeni hədəflərini açıqladığı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irsi məsələsi xüsusi yer tutdu. Bu konsepsiyada İcmanın bu sahədəki vəzifəsi aydın şəkildə elan edildi: “İcma BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək”.
Və bu gün təqdimatına toplaşdığımız “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi mədəni irsimiz” kitabı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası yolunda irəliyə doğru atılmış növbəti addımdır. Mən bu addıma görə kitabın müəllifi hörmətli Əfqan müəllimə və xüsusilə layihə rəhbəri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat həmkarım, hörmətli Zahid müəllimə öz dərin təşəkkürümü bildirirəm”.
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxış edib. O bildirib ki, müstəqil olmayan millətlər tarixini özü yazmır, başqaları onun yerinə bu işi görür: “Biz öz tariximizi özümüz yazırıq. Ona görə də bu kitab çox əhəmiyyətlidir”.
Kitabın müəllifi, STM-də sektor müdiri Əfqan Vəliyev tədbirdə iştirak edən hər kəsə təşəkkür edib. Müəllif qeyd edib ki, yaxın zamanlarda kitabın üçüncü cildi təqdim ediləcək.
Daha sonra kitab ətrafında tədbir iştirakçılarının iştirakı ilə müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirdə “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus da iştirak edib.