“Norveçin yeni hökuməti ABŞ-ın Norveç mallarına rüsum tətbiq etməməsi üçün hər şeyi edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ölkənin yeni maliyyə naziri və NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq deyib.
“Biz Norveçə ticarət məhdudiyyətləri tətbiq etməmək üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə siyasətçi bildirib.
O həmçinin əlavə edib ki, Avropa İttifaqının (Aİ) üzvü olmayan Norveç Trampın mümkün addımlarına qarşı ABŞ-a tariflər tətbiq etmək məcburiyyətində qalarsa, bu zaman “Aİ ilə sıx əməkdaşlıq edəcək”.
Bundan əvvəl Britaniyanın “The Daily Telegraph” qəzeti Trampın komandasına yaxın mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton administrasiyasının rəhbəri Aİ-dən bütün idxal mallarına 10%-lik rüsum tətbiq etmək imkanını nəzərdən keçirir. Mənbələrdən birinə görə, hələlik ABŞ administrasiyasında bu məsələ ilə bağlı tam razılıq yoxdur. Avropa Komissiyasının sədri Ursula fon der Leyen tariflərin tətbiq olunacağı təqdirdə Brüsselin Vaşinqtona cavab verəcəyini bildirib.