Xəbərlər

Stoltenberq: Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoq zəruridir

“Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Mən hələ də Rusiya ilə müdafiə və çəkindirmə ilə bağlı dialoqa inanıram. Biz mənalı dialoq aparmaq üçün güclü olmalıyıq”, – Stoltenberq “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində deyib.

“Bir şey aydındır: bu müharibəyə son qoymaq üçün müəyyən məqamda Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır, lakin bu, Ukraynanın maraqlarına əsaslanmalıdır”, – deyə alyansın baş katibi bildirib.

Oktyabrın 1-dən sonra NATO-nun baş katibi kimi işini başa vurduqdan sonra nə edəcəyi ilə bağlı sualı cavablandıran Stoltenberq deyib ki, onun qarşısında fərqli seçimlər var: “Memuar yazmağı ciddi şəkildə düşünürəm. Amma artıq böyük bir vəzifə üçün çalışmıram və Osloda yaşayacağam”.

Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri mənbələrə istinadən yazıb ki, Stoltenberq Münxen Forumunun yeni sədri olacaq.