Dino Bussatinin 1940-cı ildə yayımlanmış, həyatın illüziyalara qurban verilməsi, məsuliyyətdən qaçış və saxta məna axtarışı kimi mövzulardan bəhs edən əsəri “Tatar Çölü” haqqında
“Röyalarlamı boğuşursan?
Kölgələrləmi savaşırsan?
Qəflət yuxusundamı dolaşırsan?
Zaman axıb getdi.
Həyatın oğurlandı.
Boş şeylərlə başını qatdın,
Səfehliyinin qurbanı oldun.”
“Dyun”, Frank Herbert
Giriş
Müəllifi anonim olan, lakin Lev Tolstoy tərəfindən söylənildiyi iddia edilən bir ifadə var: “Bütün möhtəşəm hekayələr iki cür başlayır: ya kimsə səyahətə çıxır, ya da hansısa şəhərə yad bir adam gəlir”.
Dino Bussatinin 1940-cı ildə işıq üzü görən məşhur “Tatar Çölü” romanı bu iki klassik başlanğıcı tək bir nöqtədə birləşdirir. Quşların cəh-cəh vurduğu, yayın öz yerini payıza verməyə hazırlaşdığı füsunkar sentyabr günlərinin birində, yenicə zabit rütbəsi almış idealist, içi ümidlərlə dolu gənc leytenant Ciovanni Droqo xidmət etmək üçün ilk təyinat yerinə – Bastiani qalasına doğru yola düşəndə önündə möhtəşəm illərin uzandığını zənn edir. O, xəyallarındakı həyata burada çatacağına, böyük bir qəhrəmana çevrilib anlamlı bir ömür sürəcəyinə əmindir. Uzun yollar aşdıqdan, çoxlu yanılmalardan sonra Droqo, nəhayət, bir yad kimi gəlib Bastiani qalasına çatır. Lakin uzun müddətdir xəyalını qurduğu yerdən elə gəldiyi kimi də başını götürüb qaçmaq istəyir. Buranın öz varlığına, arzularına, istədiyi yaşama nə qədər yad olduğunu intuitiv olaraq elə ilk saniyədəcə hiss etsə də, bu intuitiv bilgini zehninin rasional tərəfinə qəbul etdirməsi bir ömür sürür.
Qalada düşmənin heç bir izini görməmiş, ətalətin qurbanı olmuş veteran əsgərlərlə qarşılaşır Droqo. Zaman keçdikcə elə özü də səhranın o tayından naməlum bir düşmənin irəliləməsini, həyatına məna qatacaq böyük və şanlı bir savaşın başlanmasını gözləyən həmin əsgərlərdən birinə çevrilir. O, dörd ay sonra tərk edəcəyinə əmin olduğu, dörd il sonranın belə çox da gec olmadığını fərz etdiyi, hətta qırx ilin sonunda belə “Bəlkə, bəyaz bir səhifə açıb yenidən başlamaq olar” deyə özünə təsəlli verdiyi Bastiani qalasına yad biri kimi gəlir, orada yad biri kimi yaşayıb qocalır və nəticədə ətrafındakılara, dünyaya və ən əsası da Özünə yadlaşaraq oranı tərk edir.
Əsərdə məkan çox önəmli bir psixoloji inşadır. İntəhasız bir çölün ortasında yerləşən Bastiani qalası insana nə böyük bir savaşda rol almaq imkanı tanıyır, nə də öz kiçik qəfəsində başrol olmaq şansı verir. Bürokratik bir mənasızlığın, Kafkaesk deyə biləcəyimiz bir boşluğun hökm sürdüyü bu məkan, insanın içərisində yığılıb qalmış hərəkətsizliyin, ətalətin fiziki təcəssümüdür. Hərbi sistemin əsəri olan bu qala, əslində, elə sistemin öz-özünü davam etdirmə instinktindən başqa bir şey deyil. Ən önəmlisi isə içərisində yaşayanlar bunu etiraf etmək cəsarəti tapmasalar da, ora əsla gerçək həyatın özü ola bilməz; Bastiani qalası olsa-olsa real dünyanın olduqca yetərsiz, duyğulardan təcrid edilmiş, keyfiyyətsiz bir simulyasiyası ola bilər. Və gerçək olmayan bu süni məkanda günlər aylara, aylar illərə çevrilərkən Droqo “Bir gün savaş başlayacaq və mən real bir qəhrəmana çevrilərək həyatıma anlam qazandıracağam”, “Önümdə hələ vaxt var” və s. kimi miflərin içində boğulub qalır. Bu gözləntilər isə əslində, böyük bir bilgi və cəsarət boşluğundan qaynaqlanır; Droqo real dünyada nə edəcəyini bilmədiyi üçün qalanın divarları arasında heç nə etmədən gözləmək ona daha mənalı və təhlükəsiz gəlir.
Burada önəmli bir nüansı qaçırmamaq lazımdır: Droqonun qala nifrətinə və əsərdəki qala tənqidinə rəğmən, qalalar tamamilə mənasız deyil. Müasir dünyanın səs-küyündə insanın öz daxili səsinə qulaq asa bilməsi üçün qalalara, bəlkə də, hər zamankından daha çox ehtiyac var. Lakin əgər insan o qalanı özünü və ətrafını dərk etmək üçün yox, gerçək həyatın məsuliyyətindən qaçmaq üçün bir qalxan kimi istifadə edirsə, qala böyüyüb inkişaf edə biləcəyimiz bir sığınacaq olmaqdan çıxır və əbədi bir həbsxanaya çevrilir.
“Tutorial hell” və açılmayan “müəmma qutusu”
Proqramlaşdırma dünyasında çox geniş yayılmış bir anlayış var: “Tutorial hell”. Dilimizə “video dərslik cəhənnəmi” və ya “nəzəriyyə bataqlığı” kimi çevirə biləcəyimiz bu məfhum, xüsusən kodlama öyrənməyə yeni başlayan birinin risk alıb hansısa real layihəyə girişmək əvəzinə, ehtiyacından qat-qat çox təlimat videoları izləməsi ilə xarakterizə olunur. Bu bataqlığa düşən şəxs daim yeni nəzəriyyələr öyrənir, kurslar, təlimat videoları istehlak edir, fəqət əsla risk alaraq real bir proyektə girişib biliklərini tətbiq etmir və beləcə bacarıqları inkişafdan qalıb yerində sayır. Bunun psixologiyası olduqca tanışdır; nəzəriyyə dünyasında, kağız üzərində hər şey mükəmməldir. Təlimat videosunda birinin sizin yerinizə düşünməsi, qərarlar alması və sizin real bir iş görmək əvəzinə, gerçək layihə üzərində çalışan birini seyr etməyiniz; insana bundan daha böyük bir komfort verən başqa nə ola bilər?!
Baş “qəhrəmanımız” Droqo da yaşamına daim belə bir “tutorial”, bir məşq, bir hazırlıq mərhələsi kimi baxır. O, təhlükəsiz, qapalı, hər şeyin monotonlaşdığı, zamansız bir sahədə qalaraq “əsl həyatın” başlayacağı o böyük anı gözləyir. Bu mənada Droqonun həyatı tam bir “Mystery box” – yəni içində nə olduğunu bilmədiyimiz bir müəmma qutusudur. Onu açmayana qədər içindən hər şey çıxa bilər: böyük bir sərkərdə, dahi bir strateq, fədakar bir aşiq, mənalı ömür sürmüş bir insan. Droqo da bütün həyatını bu sonsuz potensialın xəyalı üzərində qurur. Qutunu açmaq, yəni tək bir real seçimin məsuliyyətini çiyinlərinə götürmək əvəzinə, o, qutunu bağlı saxlamağa üstünlük verir. Çünki açılan hər qutu seçilməyən digər bütün ehtimalların ölümü deməkdir. Seçimlər etmək, qərarlar vermək bizi digər canlılardan ayıran ən önəmli xüsusiyyətdirsə, rahatlıqla deyə bilərik ki, Droqo qutunu açmaqdan imtina edərək, seçim etməyin və gerçək bir insan olmağın yükündən qaçır.
“İnsan olmaq istəmirəm”.
“Azadlıq məsuliyyət deməkdir. Məhz buna görə də əksər insanlar ondan qorxur”.
– Corc Bernard Şou
Bəs biz, həqiqətən, azad olmaq istəyirik, yoxsa həyatımızın böyük bir qismini rutinlərin dar çərçivəsinə sıxışdıraraq bu azadlıqdan qaçmağa çalışırıq? Droqonun illər sonra qısa müddətliyinə şəhərə qayıtdığı və qeyri-müəyyən belə olsa bir münasibətinin olduğu Maria ilə görüşdüyü səhnə bu xüsusda olduqca həlledicidir. Bir neçə aylığına qalanın hərbi nizamından uzaqlaşıb şəhərə gələn Droqo, qaydaların olmadığı bu azad məkanda nə edəcəyini qətiyyən bilmir. Burada insanlar necə danışır? Nələr edir? Bir restoranda necə davranmaq lazımdır? Sevgi bəslədiyimiz bir insana – Mariaya nə desək, hansı kəlmələri istifadə etsək daha yaxşı olar? Droqo bu sualların cavabını bilmir və həm bu sualların qarşısında iflic olur, həm də qalanın xaricindəki digər bütün vəziyyətlərdə passiv, nə etməli olduğunu bilməyən bir nəsnəyə çevrilir.
Droqo üçün şəhərdəki bu hürr yaşam, əslində, mənasız və qorxuludur. Çünki o hərbi təlim alıb və bütün ömrü müəyyən qayda və qanunların içərisində – nə vaxt oyanacağı, nə vaxt yatacağı, nə deyəcəyi, necə davranacağı, qılıncını necə tutacağı və ondan necə istifadə edəcəyi bəlli olan bir mexanizmin daxilində formalaşıb. Bu sistematikliyin qarşısında isə xaotik, azad iradəmizdən istifadə etməyimizi tələb edən bir həyat var. Cəmiyyətin və azad iradənin xaosuna dözə bilməyən Droqo isə tapdığı ilk fürsətdəcə yenidən avtopilotda yaşaya biləcəyi, qaydaların və konformizmin hökm sürdüyü dünyasına – onun üçün həm bir sığınacaq, həm də əbədi məhbəs olan Bastiani qalasına geri qayıdır.
Ətrafımızda bizim yerimizə qərar verən sistemlər varsa, biz özümüzü psixoloji cəhətdən rahat hiss edirik. Sistemin içində olmaq, mexanizmin içində bəsit bir dişliyə çevrilmək asandır; çünki orada qərar vermək məcburiyyəti və azad iradənin gətirdiyi ekzistensial məsuliyyət yoxdur. Biz bir oxucu kimi Droqonun onilliklər boyu davam edən yeknəsəq həyatına nəzər saldıqda onun etdiyinin – illər boyunca gözləməyin çox çətin olduğunu düşünürük, halbuki o, ən asan yolu – aksiyonun və seçimin olmadığı bir yolu seçmişdir. Zamanın içərisində hərəkət edən aktiv bir varlıq olmaq əvəzinə, sabit bir nöqtə kimi qalmış və zaman onun üzərindən bir sel kimi axıb keçərək bütün gözəl günlərin potensialını silib-süpürmüşdür. Bu mənada, qalanın ətalətinə sığınmaq, əslində, səssizcə “Mən qərar almaq istəmirəm, mən insan olmaq istəmirəm” deməyin bir üsuludur.
Qaranlıqdakı təbəssüm
Droqo yaşlandıqca ümid yerini xəyal qırıqlığına buraxır. Nəhayət, illərdir həsrətlə gözlədiyi o böyük an – tatarların hücumu gəlib çatanda, o, xəstəlik və qocalıq ucbatından savaşmaq fürsətindən məhrum qalır. Həyatına anlam qazandıracağını düşündüyü o “şanlı ölüm” belə ona nəsib olmur. Bütün varlığını, həyatının mənasını nəzarət edə bilmədiyi tək və nəhəng bir ehtimalın üzərində quran Droqonun həyat strategiyası bircə anda çökür. Çünki o, illər boyu həyatın bütün kiçik, lakin real ehtimallarına (aşiq olmaq, risk almaq, səhvlər etmək) arxasını çevirərək böyük bir illüziyanın kölgəsinə sığınmışdı.
Bu mənada, ümid insanı yaşadan bir güc olmaqdan çıxıb, “Tatar Çölü”ndə qorxunc bir tələyə çevrilir. Qaladakı insanlar bütün həyatlarını gələcəkdəki o xəyali “böyük an” üçün fəda edərkən, gerçək yaşam əllərindən qum dənələri kimi axıb gedir. Halbuki Droqo bu intəhasız kainatda sadəcə var olmağın, gerçək bir insan kimi ətrafa şüurlu gözlərlə baxa bilməyin və dərk etməyin necə misilsiz və nadir rast gəlinən bir ayrıcalıq, bir möcüzə olduğunu dərk etsəydi, heç o saxta məna axtarışında boğulmazdı. Lüdviq Vitqenşteynin sözləri ilə ifadə etsək: “Mistik və möcüzəvi olan dünyanın necə mövcud olması deyil, ümumiyyətlə, mövcud olmasıdır”.
İnsanın gerçək qəhrəmanlığı, xəyali və böyük savaşlarda tatarları məğlub etmək deyil; hər cür bəhanə və illüziyadan xilas olaraq reallıqla üzləşə bilməsidir. Əsərin ən sonunda, bir döyüş meydanında deyil, ucqar bir mehmanxana otağında tənha və xəstə halda ölümünü gözləyən Droqo qaranlığa gülümsəyir (“Then in the dark he smiles, although there is no one to see him”). Bu təbəssüm, onun həyatı boyunca heç bir xarici gözlənti, qayda və mifə ehtiyac duymadan, sadəcə reallığı olduğu kimi qəbul edərək öz azad iradəsi ilə atdığı yeganə və ən böyük addımdır. O, nəhayət – çox gec də olsa – müəmma qutusunu açmış və onun içində gördüyü “şey”in qarşısında rahatlıqla və ən önəmlisi azadca gülümsəmişdir. O andan sonra isə tatarların gəlib-gəlməməyinin artıq heç bir əhəmiyyəti yoxdur. Çünki o qaranlıq otaqda Droqonun anladığı son həqiqət budur: Vurulmalı olduğumuz şey gələcəkdəki o “böyük an”, o xəyali potensialımız deyil, bütün gözəllik və çirkinlikləri ilə məhz Həyatın Özüdür.
“Əgər vurulmağa bir şey axtarırsansa, həyata vurul – ən xırda zərrəciyinəcən həyatın özünə məftun ol! Biz hamımız bu gözəlliyin bir parçasıyıq!” (“Dyun”, Frank Herbert)

Müəllif: Həmid Həmidzadə



