Mədinə Məcidli Xəbərlər

Təsadüflərin doğurduğu ixtiralar

Tarixdə bir çox mühüm ixtira və kəşf təsadüfən meydana çıxıb. Alimlər və ixtiraçılar başqa məqsədlə işləyərkən gözlənilməz nəticə əldə edib və sonradan həmin nəticədən yeni bir ixtira yaradılıb.

Rentgen şüaları (X-ray) 1895-ci ildə alman fiziki Vilhelm Konrad Rentgen tərəfindən təsadüfən kəşf edilib. O, katod şüaları ilə təcrübə apararkən yaxınlıqdakı xüsusi örtüklü ekranın işıq saçdığını müşahidə etdi. Rentgen bu hadisəni araşdırdı və yeni, görünməyən şüaların mövcudluğunu müəyyənləşdirdi. Bu şüalar insan bədəninin daxilini görməyə imkan verdiyi üçün tibb sahəsində böyük əhəmiyyət qazandı. Bu gün sınıqların, ağciyər xəstəliklərinin və müxtəlif problemlərin müəyyən edilməsində rentgen müayinəsindən istifadə olunur.

Teflon da təsadüfi kəşflərdən biridir. 1938-ci ildə kimyaçı Roy Plunkett soyuducu qazlar üzərində işləyərkən qazın saxlandığı qabın boş olduğunu gördü. Lakin qabın içərisində ağ rəngli, sürüşkən bir maddə əmələ gəlmişdi. Araşdırmalar nəticəsində bu maddənin teflon olduğu müəyyən edildi. Teflon yüksək temperatura və bir çox kimyəvi maddələrə davamlıdır. Sonradan ondan yapışmayan tava və qazanların hazırlanmasında, eləcə də müxtəlif sənaye sahələrində istifadə edilməyə başlandı.

Velkro ideyası isə təbiətin müşahidəsindən yaranıb. İsveçrəli mühəndis Jorj de Mestral 1940-cı illərdə gəzintidən qayıtdıqdan sonra paltarına və itinin tüklərinə yapışmış xırda tikanları müşahidə etdi. O, tikanları mikroskop altında araşdırarkən onların kiçik qarmaqlara malik olduğunu gördü. Bu fikirdən istifadə edərək bir tərəfi qarmaqlardan, digər tərəfi isə ilgəklərdən ibarət olan bağlama sistemi hazırladı. Bu məhsul sonradan Velkro adı ilə məşhurlaşdı. Bu gün Velkro ayaqqabılarda, geyimlərdə, çantalarda və müxtəlif əşyalarda istifadə olunur.

Saksafon tamamilə təsadüfi ixtira hesab olunmasa da, onun yaranması bir problemin həlli axtarışı ilə bağlıdır. Belçikalı musiqi aləti ustası Adolf Saks nəfəsli alətlərin səsini daha güclü və aydın etmək istəyirdi. O, müxtəlif alətlər üzərində təcrübələr apararaq ağac nəfəsli və mis nəfəsli alətlərin xüsusiyyətlərini birləşdirdi. Nəticədə 1840-cı illərdə saksafon yarandı. Bu alət sonradan caz, klassik və digər musiqi janrlarında geniş istifadə edildi.

Şampan şərabının yaranması da gözlənilməz bir proseslə əlaqələndirilir. Fransanın Şampan bölgəsində şərab istehsalçıları bəzən butulkalarda ikinci dəfə fermentasiya baş verdiyini müşahidə edirdilər. Bu proses nəticəsində şərabın içərisində karbon qazı yaranır və içki köpüklü olurdu. Əvvəlcə, bu hadisə şərabçılar üçün problem hesab edilirdi, çünki təzyiq butulkaların partlamasına səbəb ola bilirdi. Sonralar isə bu proses nəzarət altına alındı və dünyaca məşhur köpüklü şərabın hazırlanmasının əsasına çevrildi.

Penisillin də təsadüfi kəşfin ən məşhur nümunələrindəndir. Aleksandr Fleminq laboratoriyada bakteriyalar üzərində işləyərkən təcrübə qablarından birinin kifləndiyini gördü. Kifin ətrafındakı bakteriyaların məhv olduğunu müşahidə edən alim bunun səbəbini araşdırdı. Beləliklə, bakteriyaları məhv edən penisillin kəşf edildi və sonradan milyonlarla insanın müalicəsində istifadə olundu.

Mikrodalğalı soba da gözlənilməz müşahidə nəticəsində yaranıb. Mühəndis Persi Spenser radar cihazı üzərində işləyərkən cibindəki şokoladın əridiyini gördü. O, bunun radar cihazının yaratdığı mikrodalğalarla əlaqəli olduğunu başa düşdü. Daha sonra müxtəlif qidalar üzərində təcrübələr aparıldı və mikrodalğalardan yeməklərin qızdırılmasında istifadə etmək ideyası yarandı.

Post-it (yapışqanlı kağızlar) kağızları da əvvəlcə uğursuz hesab edilən bir yapışqandan yaranıb. “3M” şirkətinin əməkdaşı Spenser Silver çox zəif, səthdən asanlıqla ayrılan yapışqan hazırlamışdı. Sonradan həmkarı Art Fry bu yapışqandan kitab səhifələrində istifadə etməyi düşündü. Beləliklə, bu gün hər yerdə istifadə olunan yapışqanlı qeyd kağızları meydana çıxdı.

Bu nümunələr göstərir ki, elm və texnologiyada hər uğursuzluq pis nəticə demək deyil. Bəzən diqqətli müşahidə və düzgün düşüncə gözlənilməz hadisəni faydalı ixtiraya çevirə bilər. Rentgen şüaları, Teflon, Velkro, penisillin, mikrodalğalı soba və başqa ixtiralar bunun ən maraqlı nümunələrindəndir.

Hazırladı: Mədinə Məcidli