Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın paytaxtı Bakıda daun sindromlu idmançılara və onların məşqçilərinə idman geyimi və ləvazimatları dəstəyi verib.
“Füyuzat”ın məlumatına görə, TİKA və Azərbaycan Daun Sindromlu İdmançılara Dəstək Dərnəyi ilə əməkdaşlıq çərçivəsində milli və beynəlxalq atletika, bocce və stolüstü tennis yarışlarında iştirak edən 60 daun sindromlu idmançıya və 10 məşqçiyə idman geyimi və idman ləvazimatları dəstəyi göstərilib.
“TİKA olaraq hər zaman bu xüsusi idmançıların və uşaqların yanında olmağa çalışırıq. İnanıram ki, hər yarışdan mükafatlarla qayıdan daun sindromlu azərbaycanlı idmançılarımız hər iki ölkənin simvollarını daşıyan yeni formaları ilə daha böyük uğurlara imza atacaqlar”, – TİKA-nın Bakı koordinatoru Hayrettin Özçelik bildirib.
Azərbaycan Daun Sindromlu İdmançılara Dəstək Dərnəyinin prezidenti Elnur Məmmədov hər il mart ayında “Dünya Daun Sindromu Günü” münasibəti ilə Azərbaycanda beynəlxalq idman yarışları və festivallar təşkil olunduğunu bildirərək qeyd edib ki, bu il Türk Dünyasından olan daun sindromlu idmançılarımız yarışlara yeni forma və geyimlərlə qatılacaqlar.
Həmçinin mərasimə daun sindromlu idmançıların ailələri də maraq göstərib. Mərasimdə iştirak edən valideynlərdən Günay Həsənova bildirib:
“Biz idmanın uşaqlarımızın inkişafına təsirini hiss edirik. Məşğul olduqları idman növləri və iştirak etdikləri yarışlar onların həm sosiallaşmasına, həm də qarşılarına məqsəd qoymasına kömək edir. Türkiyənin uşaqlara verdiyi dəstəyə görə minnətdarıq”.




