Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanın Bakı, Şamaxı və Gəncə şəhərlərində çalışan oftalmoloqlar üçün “Göz travmalarının idarəedilməsi təlimi” adlı proqram təşkil edir.
TİKA və TƏBİB-in birgə təşkil etdiyi 27–28 yanvar tarixlərində Bakı Neftçilər Xəstəxanasında keçirilən təlim proqramında professor Muhammed Batur, Van Yüzüncü Yıl Universiteti Tibb Fakültəsinin əməkdaşı Dr. Veysi Yıldız, Van Təhsil və Araşdırma Xəstəxanasının həkimlərindən biri Op. Dr. Rümeysa Bilmez Tan təlimçi olaraq iştirak edib.
Bakıda keçirilən təlim proqramında iştirak edən və göz travmasının təsnifatı və terminologiyası, göz travmasının skorinqi, tikiş və tikiş materialları, göz travması olan xəstələrə yanaşma, buynuz qişa və ətrafların zədələnməsi, konyuktiv, göz zədələri və sklera zədələri üzrə təlimi uğurla başa vuran 25 azərbaycanlı oftalmoloqa sertifikatlar verilib.
Bakıdan sonra təlim proqramı Azərbaycanın Şamaxı və Gəncə şəhərlərində davam etdiriləcək. Proqram çərçivəsində ümumilikdə 60 azərbaycanlı həkim təlimdən yararlanacaq.
Bakıda keçirilən təlim proqramının açılış mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB-in sədr müavini Araz Nəsirov, xəstəxana rəhbərləri və həkimlər iştirak ediblər.
Mərasimdə çıxış edən TƏBİB-in sədr müavini Araz Nəsirov özünün də Trakya Universitetinin məzunu olduğunu bildirərək, “Türkiyə yüzlərlə həkim yetişdirdi və onların Azərbaycana xidmət etməsinə şərait yaratdı. Burada həkimlərimiz qarşısında Türkiyəyə təşəkkür edirik” deyib. “Materiallar almaq, ən müasir cihazlardan istifadə etmək, ən təsirli dərmanlarla təmin etmək olar, lakin insanları sağaldacaq əsas faktor həkimlərdir. İşini düzgün yerinə yetirən vicdanlı həkimlərin yetişdirilməsini təmin etmək daha vacibdir”, – Nəsirov qeyd edib.
TİKA-nın Bakı Proqram Koordinatoru Özçelik bildirib ki, TİKA-nın yarandığı gündən Azərbaycanda həyata keçirdiyi 1500-dən çox layihənin 20 faizi səhiyyə layihələridir. Özçelik qeyd edib ki, TİKA dost və qardaş ölkə Azərbaycanda səhiyyə işçilərinin bilik və təcrübəsini artırmaq üçün təlim layihələrini davam etdirəcək.
Təlimçilərdən professor Məhəmməd Batur azərbaycanlı həkimlərlə göz travmalarını həm nəzəri, həm də praktiki əsasda qiymətləndirdiyini bildirərək, təlim və təcrübə mübadiləsi məqsədilə azərbaycanlı həmkarları ilə görüşməkdən çox məmnun olduğunu dilə gətirib.









