Xəbərlər

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü “Dujuan” tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib.

“Füyuzat” xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminən 60 beynəlxalq reys dayandırılıb.

Narita hava limanında isə əsasən beynəlxalq olmaqla 100-dən çox reys ləğv edilib.

Tayfunun episentri Yaponiyanın əsas adası olan Honsyunun Sakit okean sahilinin mərkəzi hissəsinin cənubunda yerləşir. Tayfun saatda təxminən 25 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Proqnozlara görə, bazar ertəsi gününün ikinci yarısında İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacaq.

Sinoptiklər əhalini güclü yağışlar, çayların daşması və torpaq sürüşmələri təhlükəsi barədə xəbərdar edirlər. Sakinlərə küçəyə çıxmamaq tövsiyə olunur. Tokioya bitişik Çiba prefekturasının bəzi ərazilərində artıq təhlükəsiz yerlərə təxliyə ilə bağlı tövsiyələr qüvvəyə minib.