İnsan torpaq kimi olmalıdır.
Torpağa pis şeylər də atılsa, o daim yaxşılıqla cavab verir…” – deyirdi Cüneyd Bağdadi.
İnsan nə üçün torpağa bənzəyir? Nədir torpaq?
“Torpaq” dilimizin ən qədim sözlərindəndir. Sonradan söz kökündə səslərin yerdəyişməsi olduğu üçün müasir dilimizdə bu formada istifadə edilir. Lakin qədim türk dilində “topraq” şəklində işlənmişdir.
“Divani lüğət-it türk”də “topraq” sözü “yapışqan” sözü ilə paralel göstərilmişdir. Quruyub toz halına gəlmək mənasını daşıyan “topuz” feilinin də məhz “topraq” sözü ilə əlaqəli olduğu düşünülür.
Bundan əlavə, dilimizin ən qədim lüğətində “topurğan” sözünə də rast gələ bilərik. “Topurğan” – ayaq basılanda toz halına gələn yumşaq torpaqdır. Müasir etimologiya lüğətlərində torpağın tapdaq, təpik və ya ayağımızın altında olan yer mənaları da göstərilir.
Bu söz türk dilləri ilə yanaşı, altay dillərində və monqolca da “tobrağ”, “tobarağ” şəklində işlək idi. Hazırda səs yerdəyişmələri olsa da, bütün türk dillərində üzərində yaşadığımız məkan torpaq adlanır.
İnsanla torpaq arasında qəribə bir bağ var. İnanca görə, dünyadakı hər şey kimi insan da torpaqdan yaradılıb. İnsanda torpaqdan bir pay olduğu üçün o da məhz torpağa bənzəyir.
İnsan cismi torpaqdan gəlib, torpaqdan gələnlərlə qidalanır, torpağın üzərində yaşayır, dünyadakı zamanını başa vurduqda yenə torpağa qayıdır. İnsan torpaqdan ayrı qala bilmir sanki.
Mövlana insana torpaq kimi səbirli, mehriban, təvazökar olmağı nəsihət edir: “Torpaq ol, bağrında güllər yetişsin”, – deyir. İnsan da zehnini, əqlini, könlünü, qəlbini torpaq kimi saf və münbit tutduqda onda faydalı və xoş məfhumlar cücərər.
Torpaq sadəcə üzərində yaşadığımız, addımladığımız toz hissəciyidirmi? Əsla. İnsan həm də torpağa başqa cür bağlıdır. Doğulduğu torpağı anası hesab edir insan. Ona vətən deyir. Ona bağlanır. Onu sevir. İnsan vətən dediyi torpağa bağlanırsa, ondan uzaqda olduqda belə Vətənin həsrətini çəkir. Vətənin dəyəri hər hansı bir torpaq parçasına nisbətdə əvəzsizdir. Elə Nəbi Xəzrinin dediyi kimi:
Bir bax, gül-çiçəklər qucaq-qucaqdır.
Elə bil hər gülün çətri başqadır.
İnanma, desələr, torpaq – torpaqdır.
Vətən torpağının ətri başqadır…