“Hazırda ABŞ-da baş verən iğtişaşları kimlərsə təşkil edir və maliyyələşdirir. Hökumət onların kimdən dəstək aldığını öyrənəcək”.
“Füyuzat”ın məlumatına görə, bu bəyanatla ABŞ prezidenti Donald Tramp iyunun 10-da Şimali Karolinadakı “Fort Braqq” hərbi bazasında çıxış edib.
“Kaliforniyada baş verənlər xarici bayraqları dalğalandıran və ölkəmizə xarici işğalın ayaq açmasına çalışan iğtişaşçıların sülhə, ictimai asayişə və milli suverenliyə qarşı genişmiqyaslı hücumudur. Bunun baş verməsinə icazə verməyəcəyik”, – Tramp qeyd edib.
“Bunlar peşəkardır, həvəskar deyil. Etirazları kimsə maliyyələşdirir. Biz ABŞ Ədliyyə Departamenti və onun direktoru Pam Bondi vasitəsilə günahkarların kim olduğunu öyrənəcəyik. Biz artıq hərəkətə keçmişik. Mənim administrasiyam dövründə belə bir anarxiya olmayacaq. Federal agentlərin hücumuna icazə verməyəcəyik. Və biz xarici düşmənin Amerika şəhərini zəbt edib onu fəth etməsinə imkan verməyəcəyik”, – prezident vurğulayıb.
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə immiqrantların kütləvi saxlanılmasına başlanıb. İyunun 7-də axşam saatlarında 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb. CBS telekanalının məlumatına görə, etirazçılar yolu bağlayıb, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarına daş və fişənglər atıblar. Səlahiyyətli orqanlar aksiyalar zamanı 170-ə yaxın adamı saxlayıb. Daha sonra Atlanta, Seattle, Dallas, Louisville və digər şəhərlər də daxil olmaqla, ölkə boyu etirazlar başlayıb. Los-Anceles bölgəsində 1700-ə yaxın Milli Qvardiyanın əsgəri yerləşdirilib. Müdafiə Nazirliyi Los-Ancelesə təxminən 700 dəniz piyadası göndərib.