Xəbərlər

Türkiyə ordusu son bir həftədə 94 terrorçunu zərərsizləşdirib

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, daxili və sərhədyanı əməliyyatlarla 94 terrorçunun zərərsizləşdirildiyi bildirilib. Beləliklə, son bir ildə zərərsizləşdirilən terrorçuların sayı 3 min 164-ə çatıb.

“Füyuzat”ın məlumatına görə, bunu Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk “Mavi Vətən-2025” təliminin elit müşahidəçi günündə “TCG Salihreis” freqatı ilə bağlı keçirilən həftəlik mətbuat brifinqində deyib.

O, Türkiyə Silahlı Qüvvələrinin hər il say və əhatə dairəsi artan təlimlərlə quruda, dənizdə, havada və kiberməkanda təsir və çəkindirmə gücünü daha da artırdığını bildirib.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək strategiyası çərçivəsində davamlı və hərtərəfli əməliyyatlar həyata keçirməyə davam edir: “Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 94 terrorçu zərərsizləşdirilib”.

Həmçinin ilin əvvəlindən 7-si terror təşkilatı üzvü olan 108 nəfər sərhədi qanunsuz keçməyə cəhd edərkən yaxalanıb.

939 nəfərin qanunsuz keçidinin qarşısı alınıb. Dörd terrorçu isə sərhəd polis bölmələrinə təslim olub.