“Türkiyə İraqın Kərkük şəhərində baş verənləri “yaxından və həssaslıqla” izləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli “X” hesabındakı paylaşımında bildirib.
Türkiyənin əsas gözləntisinin türkmən soydaşlarının İraq siyasətində və dövlət quruluşunda layiqincə təmsil olunmaları olduğunu vurğulayan Keçeli qeyd edib: “Bu məsələ xüsusilə Kərkük başda olmaqla, Əyalət Şurasında bütün ictimai qurumlarda ediləcək təyinatlar və tapşırıqlar kontekstində önəmlidir”.
Keçeli türkmən əhalisinin sıx olduğu Kərkükün Altunköprü Bələdiyyəsinə türk olmayan bir idarəçinin təyin edilməsinin türkmən icmasında narahatlıq və məyusluq yaratdığına diqqət çəkib: “Etnik və dini müxtəlifliyi baxımından İraqın kiçik bir modelini təşkil edən Kərkükün sülh və sabitliyi bütün İraqın sülh və sabitliyinin açarıdır”.
Nə baş vermişdi?
İraqın Kərkük bölgəsində etnik türkmənlərin sıx yaşadığı Altunköprü rayonunda bələdiyyə sədri dəyişikliyi edilmiş, ancaq yeni idarəetməyə türkmənlər daxil edilməmişdi. Bu, yerli əhalinin reaksiyasına etirazına olub.
Altunköprüdə yüzlərlə türkmən iyunun 30-da “yerli idarəetmədən kənarda qaldıqlarını” əsas gətirərək nümayişə başlayıb.
Çadır quraraq başlatdıqları etirazlarda Kərkük yerli hökumətindən tələblərinə cavab ala bilməyən nümayişçilər bu gün Kərkük-Ərbil avtomobil yolunu nəqliyyatın hərəkətinə bağlayıb.
Bu hadisələrdən sonra Kərkük yerli hökuməti rayondakı bütün qurum və təşkilatlarda vəzifə bölgüsünü nəzərdən keçirmək üçün komissiya yaratmağa qərar verib.