Təqvimin yarpaqları 1945-ci ili göstərdikdə, Faşist Almaniyası sürətlə çökürdü. Cəmi 6 il əvvəl Avropanı sürətlə işğal edən nasistlər indi şərqdən Sovet, qərbdən isə ABŞ-İngilis-Fransız məngənəsində sürətlə əriyirdilər. Şərqi Avropa, Balkan ölkələri və Türkiyə üçün Almaniya təhlükəsini Sovet təhlükəsi əvəz edirdi.
Şərqi Avropada Alman svastikasını Sovet çəkici əvəz edir
1942-ci ilin sonlarında Stalinqrad (indiki Volqoqrad) şəhərində Alman ordusu qarşısında tarixi qələbə qazanan Sovet qoşunları bu tarixdən etibarən mərhələli əks-hücum əməliyyatları keçirdilər.
1944-cü ilin yayında SSRİ torpaqlarından atılan nasist qüvvələri Berlinə doğru çəkilməyə başladı. Almanlar ana torpaqlarına çəkilməyə başladıqda, Şərqi Avropada Berlinə bağlı marionet faşist rejimlər də çökürdü. Düşmən Sovet torpaqlarından atılsa da, Stalin və müttəfiqləri Berlin təslim olmadan Hitler təhlükəsinin tamamilə aradan qalxmayacağının fərqində idilər. Ona görə də Sovet sərhədini sürətlə keçən qoşunlar Polşanı nasist işğalından azad edərək digər Şərqi Avropa ölkələrinə yönəldilər. Macarıstan, Rumıniya və Bolqarıstandakı Hitler əlaltısı rejimlər Sovet süngülərinin gücü ilə qısa müddətdə devrildi.
Dünya yenidən bölünür
Üçüncü Reyx çökərkən, dövrün üç super gücü SSRİ, ABŞ və İngiltərə mütəmadi görüşlər keçirərək qlobal aləmi post-nasizm dövrünə hazırlayırdılar. Üç ölkənin liderləri əvvəlcə Tehranda, sonra isə Yaltada dünyanı bir növ müharibənin nəticələrinə “hazırladılar”. Hərbi-siyasi koordinatlar, nəzarət zonaları dəqiqləşdirildi.
Lakin İkinci dünya müharibəsini qazanan liderlərin, əlbəttə, iştahları daha böyük olacaqdı. Həm də dünyada nizam itmişkən, müvəqqəti müttəfiqlər bu ittifaqın uzun müddət davam etməyəcəyini anlayır və daha çox qazanc əldə etmək istəyirdilər. Stalinin də hədəfində Türkiyə torpaqları və ən əsası İstanbul boğazı var idi.
Qurtuluş savaşından İkinci cahan müharibəsinə: Türkiyənin vəziyyəti
XX əsr Türkiyə üçün çalxantılı başlamışdı. Osmanlı İmperiyası özünün qürub dövrünü yaşayır və Avropa ölkələri tərəfindən “xəstə adam” olaraq görülürdü. Gənc türklərin islahat cəhdləri də Birinci Dünya müharibəsi səbəbindən yarımçıq qalmışdı. Onsuz da ağır böhran yaşayan Osmanlı İmperiyası Birinci dünya müharibəsi ilə de-fakto süquta uğramışdı. Məğlub olan imperiya Anadolunun belə böyük hissəsini itirmişdi.
Malazgirddən bu tərəfə Anadolu torpaqlarının mütləq sahibi olan türk xalqı tarixində ilk dəfə bu qədər utancverici işğalla qarşı-qarşıya qalmışdı. Bu məğlubiyyəti həzm edə bilməyən türk xalqı mübarizəyə başlamış və Qurtuluş savaşını zəfərlə başa vuraraq Türkiyə Cümhuriyyətini qurmuşdu.
Uçurumun kənarında qurulan Türkiyə müharibələrlə resursları tükənmiş, sənaye inqilabını həyata keçirə bilməmiş, xəstəliklərin, yoxsulluğun və təhsilsizliyin geniş yayıldığı Anadolu torpaqlarında quruldu. Cümhuriyyəti quran hərbçilər döyüş meydanlarında kifayət qədər uğurlu olsalar da, dövlətçilik təcrübələri az idi. Bu səbəblə Cümhuriyyətin ilk illərində aparılan radikal islahatlar böyük ölçüdə bəhrə vermədi, bir çoxu cəmiyyətdə etirazla qarşılandı, iqtisadi sahədə ciddi sıçrayış əldə edilmədi.
“Böyük böhran” adı verilən XX əsrin ən böyük iqtisadi böhranı onsuz da zəif olan Türkiyə iqtisadiyyatını daha da zəiflətdi. Maddi qaynaqların azlığı ordunun da inkişafına mənfi təsir göstərdi. İkinci Dünya müharibəsi ərəfəsində bütün bloklar müasir silahlara və döyüş strategiyalarına sahib olduğu bir vaxtda, Türk ordusu kifayət qədər silaha və müasir müharibə planlarına sahib deyildi.
Praqmatik əsgər və siyasətçi: İsmət İnönü
Atatürkün ölümü ilə 1938-ci ildə hakimiyyətə gələn İsmət İnönü Atatürklə müqayisədə daha sönük fiqur kimi qalsa da, soyuqqanlı, praqmatik və diplomatik bacarıqları olan bir siyasətçi idi. Birinci dünya müharibəsində və Qurtuluş savaşında ən ağır döyüşlərdən keçən İsmət Paşa böyük müharibələrin bir xalqı necə tükətdiyini və hansı bəlalar gətirdiyini yaxşı bilirdi. Əlindəki az resurslar, zəif ordu və qarşısında iki güclü blok olan İsmət Paşanın bir düşüncəsi vardı: Türkiyə bu müharibəyə girməyəcək, çünki girsə, məhv ola bilər.
İsmət Paşa müharibənin ilk aylarından hərbi və diplomatik addımlar atmağa başladı. Səfərbərlik elan edilərək hərbi qüvvələrin sayı 1,5 milyona çatdırıldı. Ordu üç hissəyə bölünərək ölkənin qərb və şərq sərhədlərinə, həmçinin Ankaranın mühafizəsinə yönləndirildi. Alman ordusu sürətlə Avropanı işğal edirdi və Türkiyə sərhədinə yaxınlaşırdı. 1941-ci ilin martında Alman orduları Bolqarıstana keçib Yunanıstanı işğal etməyə hazırlaşanda, Türkiyə Maritsa çayı üzərindəki körpünü uçurtdu və qərb sərhədinə əlavə qüvvələr yığmağa başladı.
Türkiyənin narahatlığını duyan Adolf Hitler İnönüyə məktub göndərdi və həmin məktubda belə deyirdi:
“Sizi şəxsən əmin edirəm ki, Almaniya tərəfindən görülən bu tədbirlər heç bir şəkildə Türkiyənin ərazi bütövlüyünə və ya siyasi quruluşuna qarşı yönəlməyib. Əksinə, birlikdə apardığımız böyük və həyati əhəmiyyətli müharibənin, eləcə də ondan sonrakı ağır illərin xatirəsini nəzərə alaraq, Almaniya ilə Türkiyə arasında səmimi dostluğa əsaslanan əməkdaşlıq üçün hətta gələcəkdə də bütün şəraitin mövcud olduğuna dair qəti inamımı ifadə etmək istəyirəm.”
Bu dövrlərdə Türk Baş Qərargahından bədbin xəbərlər gəlirdi. İldırım sürətli hücum taktikasına sahib Alman ordusunun Türkiyəyə hücum edəcəyi təqdirdə, iki həftə ərzində müdafiəni yararaq Ankaraya çatacağı bildirilmişdi.
Belə bir vəziyyət qarşısında İsmət Paşa Hitlerə diplomatik dillə cavab vermək məcburiyyətində qalaraq Almaniya ilə ticarət əlaqələrini genişləndirdi. Türkiyədə Almaniya əleyhinə təbliğat qeyri-rəsmi olaraq qadağan edildi. Ancaq təcrübəli komandir olan İsmət Paşa Almaniyanın məğlub olma ehtimalını görürdü və buna görə anti-faşist bloku ilə də əlaqələrini genişləndirirdi. Tərəfsizlik elan etməsinə rəğmən, İnönü mütəmadi olaraq İngiltərə, ABŞ və SSRİ rəhbərləri ilə görüşlər keçirir və Türk ordusunun müdafiə qabiliyyətini artırırdı.
Beynəlxalq vəziyyəti təhlil edərək tərəfsiz qalmağı məharətlə bacaran İsmət Paşa prosesləri izləyir, Qahirə və Adana görüşlərində müttəfiqlərin yeni cəbhə açmaq təkliflərini məharətlə sovuşdururdu. Ancaq müttəfiqlər bu dəfə Stalin vasitəsilə Türkiyəni müharibəyə girməyə məcbur edirdilər.
Stalinin göstərişi ilə SSRİ Xarici İşlər Naziri Molotov müharibənin sonlarına doğru müxtəlif görüşlərdə İstanbul boğazının statusu barədə söz açır, Qars və Ərdahanın əslində Sovet İttifaqının haqqı olduğunu deyirdi.
Hətta 1945-ci ilin martında Molotov bu məsələlər həll olunmadan 1925-ci ildə imzalanmış dostluq müqaviləsini yeniləməyəcəklərini bildirirdi. Sovet İttifaqı Türkiyəyə ordu yeritmək təhdidləri də edirdi. Qurtuluş savaşı qazisi, Türkiyə parlamentinin sədri Kazım Qarabəkir isə “Stalin boğazları istəyərək boğazımızı sıxmaq istəyir, biz buna imkan vermərik” deyərək Moskvaya qarşı açıq fikrini ifadə etmişdi.
Köhnə diplomatiya qaydası: Çözümsüzlük, çözümdür
İsmət Paşa Berlini ələ keçirən, Avropa paytaxtlarına qırmızı bayraq taxan Sovet ordusuna qarşı Türkiyənin heç nə edə bilməyəcəyini yaxşı bilirdi. Buna görə də vaxtı uzadaraq və Qərblə Sovet İttifaqı arasındakı münasibətlərin soyuqlaşmasını gözləyirdi. Beləcə, 1945 və 1946-cı ilin ilk yarısı diplomatik müzakirələr və SSRİ-nin Türkiyəyə təhdidləri ilə keçdi.
Və gözlənilən oldu. Əvvəlcə razılaşsalar da, Moskva və Vaşinqton dünyanı “bölə bilmədi”. ABŞ Avropada kommunizm dalğasının sürətlə yayıldığını düşünməyə başladı. Və Qərb bloku öz dostlarını SSRİ-dən qorumaq qərarına gəldi.
Təqvimlər 8 avqust 1946-cı ili göstərdikdə isə, SSRİ Türkiyəyə nota verdi. Notada deyilirdi:
- Boğazlar bütün gəmilərin keçidi üçün açıq saxlanılmalıdır.
- Boğazlar Qara dəniz dövlətlərinin hərbi gəmilərinin keçidi üçün daim açıq saxlanılmalıdır.
- Xüsusi hallar istisna olmaqla, Qara dənizə sahili olmayan dövlətlərin hərbi gəmilərinin keçidi daim qapalı saxlanılmalıdır.
- Qara dənizə daxil olmaq və Qara dənizdən çıxmaq üçün təbii su yolu olan Boğazlarda rejimin yaradılması yalnız Türkiyənin və Qara dənizə sahili olan digər dövlətlərin səlahiyyətində olmalıdır.
- Türkiyə və SSRİ Boğazların digər dövlətlər tərəfindən Qara dəniz sahili olan dövlətlərin əleyhinə istifadə edilməsinin qarşısını almaq məqsədilə birlikdə hərəkət etməlidirlər.
Bu notaya qarşı 15 avqust 1946-cı ildə ABŞ verdiyi memorandumda bildirdi ki, SSRİ hücum edərsə, ABŞ Türkiyənin müdafiəsi üçün öz hərbi qüvvələrindən istifadə edəcək. Bu addım artıq Türkiyənin de-fakto Qərb blokuna keçdiyinin işarəsi idi.
Hətta həmin dövrdə ABŞ-nin SSRİ-yə qarşı hansı addımları atacağı da müzakirə edilirdi, nüvə müharibəsi ssenarisi belə müzakirə olunurdu.
ABŞ-nin açıq müdafiəsindən sonra, 22 avqustda Türkiyə 4-cü və 5-ci tələblərin rədd edildiyini bildirən notanı SSRİ-yə təqdim etdi. SSRİ-nin payızda göndərdiyi növbəti nota da nəticəsiz qaldı.
Beləcə, ABŞ-nin dəstəyini alan İnönü ölkəsinin yönünü tamamilə Qərb xəttinə çevirərək ərazi suverenliyini qorudu və 1952-ci ildə Türkiyə NATO-ya üzv olaraq Soyuq müharibədə özünü tam sığortaladı. Stalinin ölümündən qısa müddət sonra, 1953-cü ildə SSRİ rəsmi şəkildə torpaq iddialarından əl çəkdiyini açıqladı.
Müəllif: Kazım Kazımov



