Xəbərlər

Türkiyənin Öz Orman-İş Sendikasının sədri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Öz Orman-İş Sendikasının sədri Səttar Aslanla görüşüb.

“Füyuzat”ın məlumatına görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlığından, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, Türkiyə və Azərbaycanın münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq bütün sahələrdə möhkəm təməllər üzərində qurulub. Münasibətlərimizin sosial və əmək hüquqları sahəsində də sıx əməkdaşlıqla gücləndiyini diqqətə çatdıran Konfederasiya sədri Öz Orman-İş Sendikası ilə uzunmüddətli tərəfdaşlığın yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə digər sahələrdə olduğu kimi, meşə sahəsində çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının qorunmasının önəmi diqqətə çatdırılıb. Bildirilib ki, atacağımız hər bir addım, həm işçilərimizin rifahına, həm də Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsinə xidmət edəcək.

Öz Orman-İş Sendikasının sədri Səttar Aslan ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin bütün sferalara müsbət təsirini qeyd edib. Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlərin inkişafını diqqətə çatdıran Səttar Aslan bu baxımdan qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin önəmini vurğulayıb. Sendika sədri işçilərin maraqlarının müdafiəsi, əmək hüquqlarının qorunması istiqamətində əməkdaşlığı dərinləşdirmək üçün səylər göstərəcəklərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.