Bakıda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə 1-ci Azərbaycan-Türkiyə Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Konqresi keçirilib.
Azərbaycan Respublikasının Pediatriya Mərkəzi və Türkiyə Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin təşkilatçılığı, Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyi, Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və TİKA-nın tərəfdaşlığı ilə 07-09 aprel 2025-ci il tarixlərində Bakı şəhərində baş tutan konqres geniş marağa səbəb olub.
Çox sayda iştirakın müşahidə olunduğu konqresin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Pediatriya Mərkəzinin direktoru, uzman həkim Dr. Azər Əhmədov Azərbaycanın son illər pediatriya sahəsində ciddi irəliləyişlər əldə etdiyini, mərkəzlərin nəzdində olan xəstəxanalarda yeni doğulmuş və uşaqlara təcili tibbi müdaxilələrdə uğurun nəzərəçarpacaq dərəcədə artdığını bildirib.
Azərbaycanlı həmkarlarının konqresə və konqres çərçivəsində kurslara göstərdiyi böyük maraqdan məmnunluğunu ifadə edən Ankara Universiteti Cebeci Xəstəxanasının baş həkimi və Konqres sədri prof. dr. Tanıl Kendirli konqresin təşkilində göstərdiyi dəstəyə görə TİKA-ya təşəkkürünü bildirib.
Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən layihələrlə bağlı açıqlama verən TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən TİKA-nın o vaxtdan bəri 1500-dən çox layihə həyata keçirdiyini və hər beş layihədən birinin səhiyyə sahəsinə aid olduğunu bildirib. Özçelik, “iki dost və qardaş ölkənin təkcə səhiyyə sahəsində deyil, hər sahədə təcrübələrini bir-biri ilə paylaşması üçün çalışırıq” deyə əlavə edib.
Konqresə Ankara Universitetinin rektoru prof. dr. Necdət Ünüvar da konfransda onlayn qaydada iştirak edib.
Türkiyənin Bakıdakı səfiri prof. dr. Birol Akgün konqresin açılış mərasimində çıxış edərək deyib: “TİKA modul tipli xəstəxana qurğularından müayinələrə, təlimlərə, təcrübə mübadiləsi proqramlarına, sağlamlıq avadanlığının tədarükünə, səhiyyə sektorunda konfrans, yarmarka və konqreslərə dəstək kimi Azərbaycanın dəyərli qurumları və həkimləri ilə əməkdaşlıq edərək, geniş sahədə fəaliyyətini davam etdirir”.
Üç gün davam edən konqresdə 300-dən çox həkim, tibb bacısı və səhiyyə işçisi iştirak edib. Konqres çərçivəsində səhiyyə işçiləri üçün Uşaq Təcili Yardım və Reanimasiya, Mexaniki Ventilyasiya, Uşaq Təcili Yardım və Reanimasiya Tibb bacılığı kursları təşkil edilib. Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.








