Xəbərlər

Türkiyənin Zəfər Bayramı Bakıda qeyd olunub – Azərbaycan-Türkiyə qardaşlığı MİMTA Fondunun fəaliyyətində prioritet istiqamətlərdəndir

Bakıda Türkiyənin Zəfər Bayramı və Türk Silahlı Qüvvələrinin 104-cü ildönümü münasibətilə rəsmi tədbir keçirilib.

Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, hərbçilər, media və ictimaiyyət nümayəndələri, eləcə də ictimai-siyasi şəxslər iştirak ediblər.

Səfir Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik mesajını çatdırıb. Təbrikdə 1922-ci il Böyük Hücumunun və Dumlupınar Zəfərinin Türkiyə Cümhuriyyətinin qurulmasına gedən yolu açan tarixi hadisə olduğu vurğulanıb, Mustafa Kamal Atatürk və silahdaşlarının xidmətləri ehtiramla yad edilib.Çıxışında Birol Akgün 26 avqust 1922-ci ildə başlanan Böyük Hücumun strateji baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, 30 avqustda Dumlupınarda qazanılan möhtəşəm qələbə nəticəsində Vətən torpaqlarının işğaldan azad edilməsinə yol açılıb və müasir Türkiyə Cümhuriyyətinin qurulması üçün tarixi zəmin formalaşıb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da Türkiyəni Zəfər Bayramı və Türk Silahlı Qüvvələrinin 104-cü ildönümü münasibətilə təbrik edib. Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün Azərbaycan-Türkiyə həmrəyliyini ifadə edən tarixi prinsipləri əsasında daha da möhkəmlənir.

Tədbirdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA Fondunun) icraçı direktoru Pərviz Əmirov və “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu da iştirak ediblər.Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, mədəni və mənəvi əsaslarının təbliği MİMTA Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun nəşr etdiyi “Füyuzat” jurnalı, Füyuzat.az saytı və Füyuzat Televiziyası vasitəsilə Türkiyənin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və ictimai fikrinə daim geniş yer verilir.

MİMTA Fondunun media və nəşr layihələrində Türkiyə-Azərbaycan münasibətləri yalnız siyasi gündəmlə məhdudlaşmır. İki xalqı birləşdirən ortaq tarixi yaddaş, ədəbiyyat, fikir və mədəni dəyərlərin araşdırılması və ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan “Füyuzat” jurnalının nəşrləri, Füyuzat.az-ın materialları və Füyuzat Televiziyasının verilişləri Azərbaycan-Türkiyə qardaşlığının mənəvi və mədəni dayaqlarının təbliğinə xidmət edir.

MİMTA Fondu hesab edir ki, Azərbaycan və Türkiyəni birləşdirən münasibətlər yalnız dövlətlərarası əlaqələr deyil, həm də ortaq tarixi yaddaşa, dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən qardaşlıq modelidir. Bu qardaşlığın tarixi köklərinin öyrənilməsi, Türkiyənin milli mübarizə tarixinin, Atatürk irsinin, türk ədəbiyyatı və fikir tarixinin Azərbaycan ictimaiyyətinə çatdırılması Fondun media və mədəniyyət siyasətində daim ön planda saxlanılır.

30 Avqust Zəfər Bayramı da bu baxımdan təkcə Türkiyənin hərb tarixinin mühüm səhifəsi deyil, milli iradə, müstəqillik və dövlətçilik ideallarının təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır.

MİMTA Fondu olaraq qardaş Türkiyəni Zəfər Bayramı və Türk Silahlı Qüvvələrinin 104-cü ildönümü münasibətilə təbrik edir, iki qardaş ölkə arasındakı əbədi dostluq və həmrəyliyin daha da möhkəmlənməsini arzulayırıq.