Ədəbiyyat • Xəbərlər

Uilyam Folknerin Nobel nitqi

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən məqalə Uilyam Folknerin Nobel nitqidir  Xoş mütaliələr!

Mən başa düşürəm ki, bu mükafat mənə deyil, mənim əməyimə şan-söhrət üçün yox, heç mənfəət üçün də deyil, yalnız insan ruhunun materialları əsasında bu günədək mövcud olmayan bir şeyi yaratmaq naminə bütün həyatım boyu qan-tər və min bir əzab-əziyyət içərisində gördüyüm işə verilib. Buna görə də mən bu mükafatı onu almağa vəkil olunmuş şəxs kimi qəbul edirəm. Bu mükafatın pul qismini, onun məqsədinə və bütün tarixinə layiq bir şeyə sərf etmək mənim üçün çətin olmayacaq. Amma mənə göstərilən bu diqqətdən layiqincə istifadə etmək və bu tribunadan öz həyatlarını yazıçı əməyi kimi ağır, əzab-əziyyətli bir işə həsr etmək arzusurda olan gənc oğlan və qızlara səslənmək istərdim və ümidvaram ki, gələcəkdə haçansa indi mənim dayandığım bu kürsüdə dayanacaq kəs də hal-hazırda onların arasındadır.

Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi şəkildə cismani qorxu içərisində yaşamağımızdır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barışmışıq. İnsan ruhunun bundan başqa heç bir problemi yoxdur. Onun üçün yalnız bir sual qalıb: məni haçan məhv edəcəklər? Buna görə də müasir gənc yazıçılar insan qəlbinin daim özü ilə münaqişədə olması ilə bağlı problemləri unudublar, halbuki əsl ədəbiyyatı məhz bu problemlər doğurur, yalnız onlar barədə yazılanlar dəyərli ola bilər və yalnız onlar qan-tərə və min bir əzab-əziyyətə dəyər.

Yazıçı bunları unutmamalıdır. O, özünə aşılamalıdır ki, qorxu pis şeydir, bunu özünə aşılayandan sonra isə qorxu deyilən şeyi həmişəlik unutmalı, öz yaradıcılıq emalatxanasından sevgi, şərəf, qürur və fədakarlıq kimi köhnə, əbədi universal həqiqətlərdən savayı – çünki bunlarsız istənilən əsər ölüdür, unudulmağa məhkumdur qalan hər şeyi bir kenara atmalıdır. Yazıçı buna əməl etmədikcə onun əsəri lənət təhlükəsi ilə üz-üzə qalacaq. O, sevgidən deyil, itkisi olmayan məğlubiyyətdən, ümidi olmayan qələbədən və ən dəhşətlisi, amansız və yaxud acımasız bir hisslə yazacaq. Onun təsvir etdiyi kədər hamının anladığı kədər olmayacaq, heç bir ürəkdə dərin iz buraxmayacaq. O, insanın qəlbi deyil, onun mədəsi haqqında yazacaq.

Yazıçı bütün bunları təkrar-təkrar üzünə aşılamadıqca o, kənarda dayanıb insanın məhvini müşahidə edən yad, laqeyd bir adam kimi yazıb-yaradacaq. Mən insanın məhvi haqqındakı düşüncəni inkar edirəm. İnsanın ölümsüz olduğunu demək asandır, çünki o, hər şeyə axıracan dözə biləcək: çünki tənha qaya başında, qaranlıq uçurum üzərində məqsədsiz asılı qalan tale zənginin son cingiltisi öləziyib sönəndən sonra da, hətta o vaxt da daha bir səs – zəif, amma batırılmayan insan səsi qalacaq. Mən bunu qəbul etmirəm.

Mən buna inanıram ki, insan nəinki axıracan dözəcək, o həm də zəfər çalacaq. İnsan ona görə ölümsüz deyil ki, onun səsi heç zaman tükərməyəcək, ona görə ölümsüzdür ki, cnun öz təbiəti etibarı ilə qurban getməyə, yenilməzliyə qadir qəlbi, ruhu var. Yazıçının, şairin borcu məhz bu şeylər haqqında yazmaqdır. Onun vəzifəsi insan qəlbini möhkəmləndirmək, bəşəriyyətin əbədi şöhrətini təşkil edən kişilik, şərəf, ümid, qürur, yanımcıllıq, fədakarlıq kimi keyfiyyətləri insana xatırlatmaqla ona hər şeyə axıracan dözə, duruş gətir bilməkdə kömək etməkdir. Şairir səsi, sadəcə, əks-səda olaraq qalmamalı, insana axıracan dözməkdə və zəfər çalmaqda kömək etməlidir.

Uilyam Folknerin “Seçilmiş əsərləri”. Azərbaycan Milli Kitabxanası