Ədəbiyyat Xəbərlər

“Ulduz” jurnalının yeni nömrəsi nömrəsi işıq üzü görüb

“Ulduz” jurnalının iyul-avqust nömrəsi çapdan çıxıb.

“Füyuzat” xəbər verir ki, nəşrin bu nömrəsində Qulu Ağsəsin “Bircə kəlmə: Hicran” və Təranə Vahidin “Yaşıl elegiya” yazıları ilə jurnalın mərhum şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynovanın xatirəsi anılır.

“Şeir vaxtı” rubrikasında Həmid Herisçi, Seyyidəli Sübhi, Cavid Fərzəli, Zaman Piriyev, Şəfəq Sahibli və Zaur Ərmuğanın yeni poeziya nümunələri oxuculara çatdırılır. “Nəsr” rubrikasında Nemət Mətinin “Zəlzələ”, Əli Bağışın “Dörd tabut”, Əli bəy Azərinin “Messi” və Sadiq Qarayevin “Çalası” hekayələri yer alıb.

Oxucular “Tərcümə saatı”nda çeçen yazıçısı Səid-Həsən Katsayevin “Qaranlıqda” hekayəsi ilə Seyfəddin Hüseynlinin tərcüməsində tanış ola bilərlər.

Jurnalda gənc ingilis ədəbiyyatı mütəxəssisi Alsunun araşdırdığı “Beş əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt” başlıqlı məqalə öz əksini tapıb.

“Ədəbi fraqmentlər” rubrikasında tənqidçi Vaqif Yusiflinin “Şəhidlər – Qəhrəmanlar” sərlövhəli məqaləsi, İlahə Səfərzadənin “Məti Osmanoğlu ilə tamamlanmamış söhbət” müsahibəsi, Anar Seyidağa, İbrahim Yusifoğlu və Qəhrəman Kamiloğlunun şeirləri, eləcə də Qalib Arifin hekayəsi işıq üzü görüb.

“Dərgidə kitab” rubrikasında Hafiz Ataxanlının “Varlıq və yoxluq” fantasmaqorik povesti, “Dərgidə sərgi”də isə rəssam Məryəm Məmmədzadənin rəsm əsərləri yer alıb.