Yalnız Vahid Həyat mövcuddur. O hər şeyin əsasında durur.
Bütün kainat ondan qüvvət alır.
Kimin ki həyatı vardır, onunla yaşayır
Bütün varlıq onun varlığından ad almışdır.
O, tamdır, qalan hər şey natamamdır. (N.Gəncəvi “İskəndərnamə” filoloji tərcümə, Bakı: Elm, 1983, s.427)
“Əbədi, görünməz, eyni zamanda, hər yerdə mövcud olan, əvvəli və sonu olmayan, lakin mütəmadi müntəzəm təcəlliləri arasındakı Yoxluq sirrinin zülmətinin hökmranı olan Vahid Həyatdır” (Блаватская Е.П. Тайная доктрина. Том I. Харьков: Эксмо-Пресс, 2001, s.56). Beynin qavrama qabiliyyətinin potensialı məhdud olduğundan aləmi fraqmentar dərk edir, Vahid Həyatı insan özünün beyin “süzgəcindən” keçirərək saysız-hesabsız tərkib hissələrinə bölür. Bizim nöqteyi-nəzərimiz üçün sanki O bütün obrazlar, formalar, fərqlər və s. vasitəsilə təzahür olunur, daha doğrusu, “biz özümüzün adi qavrama mexanizmimizə, beynimizin, sinir sistemimizin qəbuletmə strukturlarına bağlandığımız üçün aldadılaraq və daima “ölçü səhvlərinə məruz qalaraq Vahidə ayrı-ayrı sonsuz xırda hissəciklərin və fraqmentlərin toplusu kimi baxırıq, belə ki bizim beynimiz özünün məhdud qavrama qabiliyyətinə əsasən mühakimə yürüdüb nəticə çıxarır” (Хулуси Ахмед. Аллах. Баку: Адильоглы, 2006, s.57). Mövcud olanlar, əslində, Vahid Həyat adlandırılan sonsuz Ümmanın tərkibidir, möhtəviyyatıdır. Vahidliyi dərk edən insan ümmanın həyatı ilə var olan damla kimidir. “Həqiqət ondan ibarətdir ki, bütün insanların mövcudluğu vəhdətdədir. Biz hamımız vəhdətdə mövcuduq, eyni enerjidən istifadə edirik. Hamımız, sadəcə, enerji kütləsinin vahidləriyik – ora-bura vurnuxan neytronlarıq. Ulduzların enerjisi bizə nüfuz edərək bədənimizin enerji sisteminin tərkib hissəsinə çevrilir” (Хулуси Ахмед. Аллах. Баку: Адильоглы, 2006, 51). Bütün yaradılışın enerji səviyyəsində bir-birilə bağlılığı, bir-birinə nüfuzu, qarşılıqlı keçidi, həm də bütöv, bölünməz tamlığı Vahid Həyatın daxili strukturudur. Klassik poeziya nümayəndələri bu məsələnin üstündən adlayıb keçməyiblər, bəsirət gözü ilə görünən həyatın lətif enerji strukturunun vahidliyini təsvir etmək üçün onlar “yarın zülfü”, “yarın saçı”, “yarın hörükləri” kimi metaforik ifadələrdən istifadə ediblər. Nəsimi belə deyir:
Vəhdətin sirri, qırılmaz silsilə yar zülfüdür,
Mən bu zülfə bağlıyam, etməz rəha, xoşdur mənə.
***
Ənbərfəşan saçınla şol günü bulmuşam ki,
Aləmdə adı anın la-ibtida əzəldir.
Həyata dar prizmadan baxmaq tərzi bu gün də davam etməkdədir. Hər elm sahəsinin mütəxəssisləri ixtisaslaşarkən özlərini böyük bir tamın kiçik bir “küncünə” yönəldir. Bu zaman elmlərin sintezi əvəzinə elmlərin bir-birinən təcridi, differensiasiyası baş verir. “Detallara vardıqca alimlər “səmanın daha xırda parçasını görürlər. Onların öz dili yaranır ki, digərləri bunu başa düşmür. Tədqiqatlar “bir yerdə sayır”, kiçik nailiyyət “böyük ad ilə təqdim olunur, şəxsi mənafe həqiqətdən qiymətli sayılmağa başlayır. Bununla yanaşı, dünyanı vahidgörmə konsepsiyasının yaranmasına ehtiyac getdikcə artır” (Сахаревич В. Союз духа и разума. http://lib.ru/urikova/saharewich.txt). Fəlsəfi poeziyanın ezoterik müstəvisindəki biliklər, informasiyalar dünyanı, həyatı vahid görmə konsepsiyasının bariz nümunəsidir. Belə biliklərə yiyələndikcə “yavaş-yavaş aydın olur ki, həyatın müxtəlifliyinin təməlində vahidlik durur və idrakımızın düzgünlüyü, həqiqiliyi və dəqiqliyi özümüzü həmin vahidliklə nə dərəcədə eyniləşdirməyimizlə bağlıdır” (Бейли Алиса. Эзотерическая психология. http://www.indostan.ru/biblioteka/7_1723_0.html.zip.WinRAR).
Vahid olan aləmi fraqmentar, “yəni zəif görməyimiz hər şeyin özəyindəki mütləq xoşbəxtliyi bizdən pərdələyir. Bu bizim hisslərimizin solğunluğudur, onlar (hisslərimiz – M.A) hələ çox da yetkin olmadığına görə sonsuz vahidliyi qavraya bilmir” (Сатпрем. Шри Ауробиндо, или путешествие сознания. Нижний Новгород: Деком, 2006, 252). İnsan ağlı vahidliyi birbaşa, atributlarsız qavraya bilmir, çünki o, nitq, ağıl və intellekt çərçivələrindən kənardır. Aləmin vahidliyini supramental görmə ilə qavramaq mümkündür. “Supramental görmə qlobal görmədir. Ağıl kiçik fraqmentləri seçərək onları bir-birinə qarşı qoyur. Fövqəladə şüur hər şeyi vahid şüada birləşdirir, lakin onun şüası başlanğıcını bir nöqtədən götürür deyə hər şeyi yalnız özünün nəzər nöqtəsindən görür. Fövqəlşüur bəsirət digər nəzər-nöqtələrin istisna edilməsi, yaxud da birləşdirilməsi hesabına unitar və universaldır. Supramental, yaxud da Ali Şüur isə nəinki aləmi, bütün şeyləri və bütün varlıqları birləşdirərək və heç nəyi bir-birinə qarşı qoymadan onların vahidliyini qavrayır, həm də hər şeyin, hər varlığın mövqeyini görür. Bu, hansısa mərkəzi bir nöqtədən yox, miriad nöqtələrdən doğan baxış prizmasıdır: Vahid və sonsuz çox olan bir baxışdır” (Сатпрем. Шри Ауробиндо, или путешествие сознания. Нижний Новгород: Деком, 2006, 221). Bu, çoxluq formasında təzahür edən Vahidin əhatəli dərk olunmasının təsviridir. Vahidin çoxluqda (kəsrətdə) isbatı haqqında Nəsimi belə deyir:
Bavücudəm vəhdəti kəsrətdə isbat eyləyim,
Musayəm anəstünara, nur ilə Tur olmuşam.
“Kün-fəkanın çünki əsli zat imiş // Cümlə əşya vəhdətə ayat imiş” – deyən Nəsimi təzahür edən hər şeyin Vəhdətin əlaməti olduğunu və hər şeyin əslinin ondan gəldiyini söyləyir. “… Əşyanın varlığının özü Ona, bir olan Xaliqə şəhadətdir və bu, hər şeyin içində Allahın olması deyil, hər yaradılışın bir (vahid – M.A) Yaradıcısı olduğu deməkdir. (Hər şey Onu həmd ilə təsbih edər, lakin siz onların təsbihini anlamırsınız) (“Quran” 17:44)”.
Nəsimi özünün aləmi çoxluq kimi qəbul etmək dünyagörüşündən qurtularaq Vəhdətə yetişməsi haqqında belə deyir:
Çün aləmin Nəsimi qurtuldu kəsrətindən,
Vəhdətdə gör bəqasın bimüddəti – əcəldir.
Mənadan başıçıxma, sonsuz vahidliyi qavrayabilmə, supramental, qlobal görmə kimi xarakterizə olunan bəsirətlik, yaxud yüksək ruhani səviyyə, kamillik mərtəbəsi yalnız eşq körpüsündən keçənlərin, eşqin ali səviyyəsinə yetişənlərin nəsibidir. “İlahi varlığın bir parçası olan insan öz zatına eşqin cazibəsi ilə yaxınlaşa bilər. Bu halda surət zata qovuşaraq vəhdət təşkil edir. Vəhdətin yaranması üçün isə insanın kamilləşməsi vacib şərtlərdəndir. Deməli, kamil insanın surəti Allahın surəti, eşqi isə Allah eşqidir” (Həsənoğlu Ə. Nəsimi «Ənəlhəqq»inin kökləri. Bakı: Nurlan, 2004, 76). Eşqin “mehini” belə duymayan, vəhdəti heç cür təsəvvür edə bilməz. “Eşq həzz gətirən xüsusi bir ağrıdır, bunu ürəyində hiss edən insan sirr aça bilər. O görər ki, hər şey Həqiqətdir və hər şey Ona aparır. Həqiqətdən başqa heç nə yoxdur. Bunu dərk edən insan ram olur, o, Həqiqət ümmanına qərq olur” (Шейх Музаффер Озак. Аль Джеррахи Аль Халвети. Любовь — это вино. Москва: Сампо, 2001, 17). Nəsimi belə deyir:
“Qul hüvəllahu əhəd” dəryası qərq etdi bizi,
Vəhdətin mülkündə olduq fərdü vahid, hökmran.
Yaxşı-pis, xeyir-şər yalnız zahiri fərqlərdir, batində isə hər şey birdir.
Pis ilə yaxşıdakı fərq, fərqi – zahirdir,
Görünməmiş ola məyub xilqətin əsəri. (Füzuli. Əsərləri: 5 cilddə, IV c. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1961.)
Hər şeyin Allahın – Vahidin təcəllisi olduğunu bilən Nəsimi “Vəhdət dəmində dərvişü sultan çü bir imiş” deyərək bunun mərifət qazanmışların səviyyəsi olduğunu vurğulayır:
Arif qatında mədhü zəmm** bir əsl imiş, sən arif ol,
Gör kim, necə hər natiqin dilində göftar olmuşam.
Vahidliyin bölünməzlik konsepsiyasını dərk edə bilməyənlər həyat hadisələrinin baş verməsində iki fərqli qüvvənin – Xeyirin və Şərin əsil təyinatını anlaya bilməzlər.
Mətanət Abdullayeva,
BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor



