Mədinə Məcidli Xəbərlər

Vanili necə vanil oldu?

Vanil demək olar ki, həyatımızın hər yerindədir – Dondurmalardan tutmuş öskürək siroplarına, təmizləyici vasitələrdən ətirlərə qədər, gündəlik həyatımızda teztez qarşılaşdığımız bir bitki var. Bu bitki vanildir. Bəs necə oldu ki, vanil hər gün istifadə etdiyimiz vasitəyə çevrildi?

Onun bu qədər geniş yayılması, əsasən, daha ucuz və asan əldə olunan sintetik vanilinin istifadəsi ilə bağlıdır. Zaman keçdikcə isə bu xüsusiyyət vanilin ingilis dilində “adi” və ya “sadə” anlayışları ilə eyniləşdirilməsinə səbəb olub. Lakin təbii vanil dünyada ən çox əmək tələb edən bitkilərdən biri olmaqla yanaşı, kimyəvi baxımdan da son dərəcə mürəkkəbdir. Tərkibində 200dən çox aromatik birləşmə mövcuddur. Zəfərandan sonra dünyanın ən bahalı ikinci ədviyyatı hesab olunan vanilin bir kiloqramı 100–600 dollar (təxminən 170–1200 AZN) arasında dəyişir. Onun tarixi isə heç də adi kimi “sadə” deyil.

Bu tarixdə həm sancmayan bir arının rolu, həm müstəmləkə siyasətinin təsiri, həm də Edmond Albius adlı 12 yaşlı bir kölə uşağın dahiyanə kəşfi yer alır. Məhz bu ədviyyatın kəşfi müstəmləkə iqtisadiyyatına böyük gəlir gətirmiş və vanilin dünya miqyasında yayılmasına səbəb olmuşdur.

Aztek xəracından müstəmləkə “kəşfinə” uzanan yol:

Vanilin mənşəyi qədim Mezoamerikaya gedib çıxır. Tropik meşələrdə yabanı şəkildə yayılan sürünən orxideya növü – “Vanilla planifolia” bu bölgənin təbii sərvətlərindən biri idi.

İlk yazılı mənbələr göstərir ki, müxtəlif xalqlar bu bitkini fərqli adlarla tanıyıb: meksikalılar onu “tlilxochitl”, totonaklar “xanat”, mayyalar isə “sisbic” adlandırıb. Vanil bu sivilizasiyalar üçün olduqca dəyərli idi – həm dərman kimi istifadə olunur, həm dini ayinlərdə yer alır, məbədləri ətirləndirir, kakao içkilərinə əlavə edilir və hətta xərac kimi təqdim olunurdu.

Bu bitkini ilk becərənlər indiki Meksikanın Veracruz bölgəsində yaşayan totonaklar olmuşdur. Onlar vanili özünəməxsus ətri və nadirliyi ilə yüksək qiymətləndirirdilər. Lakin azteklər bu əraziləri fəth etdikdən sonra vanili xərac kimi tələb etməyə başladılar və onu “xocolatl” adlı müqəddəs kakao içkisinə qatdılar. Bu içki, əsasən, zadəganlar və döyüşçülər üçün nəzərdə tutulur və müasir şokoladın ilkin forması hesab olunurdu. Beləliklə, vanil yalnız bir ədviyyat deyil, eyni zamanda qədim sivilizasiyaların iqtisadi, dini və mədəni həyatında mühüm rol oynayan nadir və qiymətli bir sərvət olmuşdur.

1519cu ildə Aztek imperatoru II Moctezuma bu içkini Hernan Cortes başda olmaqla ispan qüvvələrinə təqdim etmişdi. Bu hadisə İspaniyanın Mərkəzi Meksikada müstəmləkə hakimiyyəti qurmasından az əvvəl baş vermişdi.

Sonralar ispanlar vanili Avropaya gətirdilər. İlk dövrlərdə o, Meksikadan mənimsədikləri şokolad hazırlanması vasitəsilə İspaniya sarayında yayılmağa başladı. Qısa müddət ərzində vanil Fransa, eləcə də İngiltərə saray mətbəxlərinə yol tapdı, burada bəzi şirniyyat və desertlərdə əsas, hətta yeganə dadverici kimi istifadə olunmağa başlandı.

Bir arının Avropanı çaşdıran sirri:

Vanil orxideyası Fransa və İngiltərədə botanika bağlarında becərilməyə başlasa da, bütün səylərə baxmayaraq, avropalılar onun çiçəklərindən meyvə əldə edə bilmirdilər. Müstəmləkə idarəçiləri hətta bitkini öz imperiyalarının müxtəlif bölgələrinə – Hindistana, Yavaya, Filippinlərə və Fransanın Reyunion adasına göndərdilər. Sarmaşıq kimi yayılan bitki böyüyür, çiçəkləri açırdı, lakin heç vaxt vanil qabıqları əmələ gətirmirdi.

Bu müəmmalı problem təxminən üç əsr boyunca həll olunmamış qaldı və vanilin Avropada uğurlu şəkildə becərilməsi uzun müddət mümkün olmadı. Bu sirrin səbəbi yalnız 1836cı ildə aydınlaşdı. Belçikalı botanik Çarles Morren müəyyən etdi ki, vanilin təbii tozlandırıcısı sancmayan Melipona arısıdır və bu həşərat coğrafi olaraq yalnız Meksikaya xasdır.

Morren laboratoriya şəraitində vanili əl ilə tozlandırmağa nail olsa da, onun üsulu olduqca vaxt aparan, müstəmləkə plantasiyalarında geniş tətbiq üçün uyğun deyildi. Lakin bu mürəkkəb problemi gözlənilməz şəkildə 12 yaşlı Edmond Albius həll etdi. Reyunion adasında yaşayan bu kölə uşaq vanilin tozlandırılmasının sadə, bir o qədər də effektiv yolunu kəşf edərək bitkinin becərilməsi tarixində dönüş nöqtəsi yaratdı.

Albius və onun “təəccüblü dərəcədə sadə” ixtirası:

1841ci ildə Edmond Albius vanil çiçəyinin əl ilə necə tozlandırılacağını kəşf etdi.O, baş barmağı və kiçik bir taxta qırıntısından istifadə edərək çiçəyin içində tozcuqla dişiciyi ayıran nazik pərdəni qaldırır, sonra isə onları birbirinə yaxınlaşdıraraq təmas yaradırdı. Bu sadə üsul nəticəsində orxideya çiçəkləri qısa müddət sonra vanil qabıqları verməyə başlayırdı.

Albiusun kəşfindən sonra Reyunion adası qısa müddət ərzində dünya vanil bazarında üstün mövqe qazandı. Lakin XIX əsrin sonu – XX əsrin əvvəllərində fransız müstəmləkə idarəçiləri bu əl ilə tozlandırma üsulunu digər koloniyalarında, xüsusilə Madaqaskarda istifadə etməyə başladılar. Bu ölkə indi də dünyanın ən böyük vanil istehsalçısı olaraq qalır. Fransız müstəmləkələrində yetişdirilən bu vanil növü isə Reyunion adasının keçmiş müstəmləkə adı olan “İle Bourbon”dan ilhamlanaraq “Bourbon vanili” adı ilə tanınmağa başladı.

Beləliklə, vanilin hekayəsi sadə bir ədviyyatın tarixindən çoxçox uzağa gedib çıxır. Qədim Mezoamerika sivilizasiyalarından başlayaraq müstəmləkə dövrünün iqtisadi maraqlarına, oradan isə sənaye inqilabı və müasir qlobal bazara qədər uzanan bu yol həm təbiətin mürəkkəbliyini, həm də insan zəhməti və ixtirasının gücünü əks etdirir. Edmond Albius kimi unudulmağa üz tutmuş bir gəncin kəşfi bu gün milyardlarla dollar dəyərində olan bir sənayenin əsasını qoysa da, onun şəxsi taleyi ədalətsizliyin və tarixdə görünməyən qəhrəmanların simvolu kimi qalır.

Mənbə: https://www.dw.com/en/how-vanillas-history-is-not-so-vanilla/a-78035296

Hazırladı: Mədinə Məcidli