Xəbərlər

Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin irsini əks etdirən yeni biblioqrafik göstərici işıq üzü görüb

Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas-alim və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Akademik Bəxtiyar Vahabzadə” adlı biblioqrafik göstərici hazırlanaraq nəşr edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə MEK-dən məlumat verilib.

Məlumata əsasən, nəşrdə Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi və 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamları, həmçinin AMEA Rəyasət Heyətinin müvafiq qərarı öz əksini tapıb.

Bununla yanaşı, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Xalq şairi Bəxtiyar Vahabzadə: Taleyin və sənətin vəhdəti” adlı məqaləsi də oxuculara təqdim olunur.

Biblioqrafik göstəricidə görkəmli söz ustasının həyat və yaradıcılığı, elmi, ədəbi-bədii və ictimai fəaliyyəti geniş şəkildə əhatə edilib. Nəşrə Bəxtiyar Vahabzadənin müəllifi və tərtibçisi olduğu kitablar, müxtəlif dillərdə işıq üzü görmüş poemaları, şeirləri, hekayələri, tərcümələri, notları, eləcə də dövri mətbuatda və məcmuələrdə dərc olunmuş ədəbi-tənqidi və publisistik məqalələri daxil edilib.

“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Nəşrin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri isə baş biblioqraflar Mahnur Həsənova və Rəna Cavadovadır.

Ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərən alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulan biblioqrafik göstərici Bəxtiyar Vahabzadə irsinin daha dərindən öyrənilməsi baxımından mühüm mənbə hesab olunur.

Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in saytının elektron kitabxana bölməsində tanış olmaq mümkündür.