Mədinə Məcidli • Xəbərlər

Xalqın dirçəliş salnaməsi

17 Noyabr – xalqımızın azadlıq, müstəqillik və milli kimlik uğrunda mübarizəsinin ən mühüm səhifələrindən biri kimi yaddaşlarda yaşayır. 1988-ci ilin noyabrında Bakının Azadlıq meydanında başlayan izdihamlı mitinqlər Azərbaycan xalqının milli oyanışının açıq ifadəsinə çevrildi. Həmin dövrdə Sovet İttifaqının tərkibində yaşayan Azərbaycan cəmiyyəti artıq baş verən haqsızlıqlara, milli hüquqların pozulmasına və xüsusilə Qarabağ ətrafında yaranmış hadisələrə qarşı etiraz səsini ucaltmağa başlamışdı. İnsanlar bir məqsəd ətrafında birləşmişdilər: öz torpaqlarına, milli dəyərlərinə, dilinə, kimliyinə və gələcəyinə sahib çıxmaq. Noyabrın 17-də Bakının əsas meydanına toplaşan minlərlə insanın səsi getdikcə daha böyük xalq hərəkatına çevrildi. Meydanda illərlə qəlblərdə yığılıb qalmış azadlıq arzusu, milli qürur və müstəqillik istəyi ifadə olunurdu. Meydanda dalğalanan bayraqlar, səslənən şüarlar, insanların bir-birinə verdiyi dəstək xalqın öz taleyinə biganə qalmadığını göstərirdi.

Həmin günlərdə insanlar soyuğa, çətinliyə və təzyiqlərə baxmayaraq meydanı tərk etmirdilər. Müxtəlif yaşda, fərqli düşüncələrə malik insanlar eyni amal uğrunda bir araya gəlmişdilər. Ana öz övladının gələcəyi üçün, gənc öz xalqının azadlığı üçün, yaşlı nəsil isə illərlə qoruduğu milli dəyərlərin yaşaması naminə meydanda idi. Onları birləşdirən ən böyük qüvvə azadlıq arzusu idi. 1988-ci ilin noyabr-dekabr aylarında davam edən meydan hərəkatı Azərbaycan xalqının milli şüurunun yüksəlişində mühüm rol oynadı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, illərlə qəlblərdə yaşadılan azadlıq arzusu müstəqil dövlət reallığına çevrildi. 17 Noyabr bizə xatırladır ki, xalq öz milli kimliyini qorumaq və gələcəyinə sahib çıxmaq istədikdə qarşısında böyük tarixi dəyişikliklərə yol aça biləcək güc dayanır.

Milli dirçəliş ruhu daim yaşasın!

Müəllif: Mədinə Məcidli