Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb. Hazırda Azərbaycanda saytların böyük əksəriyyəti ilə yanaşı, bankların tətbiqləri və digər ödəniş sistemlərində də problemlər yaranıb. Problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan “Cloudflare”də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.
Bəs xəbər saytlarını çökdürən “Cloudflare” hansı funkisyanı yerinə yetirir?
Bu suala dolğun cavab almaq üçün “Füyuzat” mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin fikirlərini öyrənib. Ekspert qeyd edib:”Cloudflare” dünyada yayılmış server şəbəkəsi ilə vebsaytın trafiki və məzmunu istifadəçilərə daha yaxın serverlərdən çatdırılmasını təmin edir. Bu yolla saytı sürətləndirir. Eyni zamanda, “Cloudflare” sayta gələn trafikdə şübhəli istəkləri süzür, DDoS hücumları, botlar, pis niyyətli trafiklərlə mübarizə aparır.
Texniki baxımdan “Cloudflare” “proksi” (aralıq) kimi davranır. Saytlara təklif olunur ki, istifadəçi sorğusunu birbaşa serverə deyil, əvvəlcə “Cloudflare”ə göndərin, orada analiz olunsun, sonra sizin serverə keçsin.
Bu gün baş verdiyi kimi, “Cloudflare” xidmətində problem olduğda saytlar işləməyə bilər. Ona görə də tövsiyə olunur ki, bu tipli problemlərin həlli üçün alternativ yollara hazır olmaq lazımdır”.



