2025-ci il 30–31 may tarixlərində Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamenti tərəfindən “Xəzər Universiteti Forumu” təşkil olunub.
“Füyuzat”ın məlumatına görə, departamentin ilk elmi konfransı olan bu forum “Rəqəmsal əsrdə suverenliyin naviqasiyası” mövzusuna həsr edilib.
Mövzu seçilərkən, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması və süni intellektin dövlət idarəçiliyinə və suverenlik konsepsiyasına artan təsiri xüsusi nəzərə alınıb. Forum çərçivəsində 9 ölkədən tədqiqatçıların iştirakı ilə ümumilikdə 49 məruzə fiziki və onlayn formatda təqdim olunub. Tədbir AZƏRTAC və “Füyuzat TV” tərəfindən geniş işıqlandırılıb. Forumda Əlcəzair və İordaniya səfirləri ilə yanaşı, ABŞ və Meksika səfirliklərinin nümayəndələri iştirak edib. Tədbir zamanı yeni yaradılmış elmi-tədqiqat mərkəzinin rəsmi təqdimatı da həyata keçirilib.
Forum Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti, İqtisadiyyat və İdarəetmə fakültəsi, İbn Haldun Universiteti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzi və İstanbul Mədəniyyət Universiteti, Beynəlxalq Münasibətlər kafedrasının tərəfdaşlığı ilə təşkil olunub.
Forumun açılış mərasimi Xəzər Universitetinin qurucusu və Qəyyumlar Şurasının sədri, Professor Hamlet İsaxanlının nitqi ilə başlayıb. Ardınca Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, İbn Haldun Universitetinin prorektoru professor doktor Özcan Erka Akgün, Ankara Sosial Elmlər Universitetinin professoru, Türkiyə Prezidenti yanında müşavir və Scopus bazasında indekslənmiş Insight Turkey jurnalının baş redaktoru Prof. Muhittin Ataman, Ankara Hacı Bayram Vəli Universitetinin professoru, dekan və Scopus bazasında indekslənmiş Bilig – Türk Dünyası Sosial Elmlər Jurnalı baş redaktoru Prof. Fırat Purtaş çıxış ediblər.
Açılış nitqlərindən sonra panel iclası baş tutub. Panelə Prof. Muhittin Ataman moderatorluq edib, Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Dos. Orxan Vəliyev, Xəzər Universitetinin müəllimi, SETA İstanbul əməkdaşı, Dr. Gloria Shkurti Özdemir, Ankara Hacı Bayram Vəli Universitetinin professoru və yeni yaradılmış tədqiqat mərkəzinin direktoru Prof. Dr. Erman Akıllı paneldə çıxış edərək mövzular ətrafında dəyərləndirmələr ediblər.
30 may tarixində dörd panel iclası (ikisinin onlayn formatda), 31 may tarixində isə doqquz panel (beşi üz-üzə, dördü onlayn) formatında müzakirələr baş tutub.
Forumun sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.









