Sənə qalıb millətin cəfasını çəkmək?!
Sənə qalıb ədaləti qorumaq, dürüstlük, insanlıq?!
Sənə qalıb profesionallıq?!
Sənə lazımdır: iş tap, pul qazan!
Sənə lazımdır: dilini şirin elə, önə çıx!
Sənə lazımdır: hamıdan öndə olmaq, yüksəkdə olmaq. Özündən aşağılardan (status olaraq) uzaq qaçmaq, ancaq özündən yuxarıların arxasınca sürünmək!
Aşağı-yuxarı övladlarımızın beyinlərinə həkk edilən, günümüzün “tərbiyəvi” sözləridir bunlar. Gözümüzə təhlükəli görünür, beynimiz acıncaqlı qəbul edir, oxuduqca ruhumuz inciyir, amma nə etmək olar?! Tamlıqla olmasa da, əksəriyyətimizin ya dili ilə, ya da örnəklərlə, davranışlarla övladlarına verdiyi nəsihətlərin toplusudur bu təhlükələr, acılar, incikliklər…
Bəzən görürük ki, insanlarımız rüşvətxorluqdan şikayətlənir, bəzən bayağılığa qarşı çıxırlar, bəzən cəmiyyətin ciddi mövzulardan uzaq olmasından gileylənir, bəzənsə bütün bu problemləri həll edəcək dahi axtarışına çıxırlar.
Amma kimsə düşünmür ki, problem elə fərdlərin öz zehinlərində başlayır, sonra kütləviləşir. Məsələn, “Sənə qalıb millətin cəfasını çəkmək?!” – deyən ata-ana və ya nənə-babanın “Sənə lazımdır: iş tap, pul qazan!” – yanaşmasıdır elə cəmiyyəti rüşvətə sürükləyən. “Sənə qalıb ədaləti qorumaq, dürüstlük, insanlıq?!” – deyənlərin “Sənə lazımdır: dilini şirin elə, önə çıx!” – yanaşmasıdır cəmiyyəti bayağılığa sürükləyən. “Sənə qalıb profesionallıq?!” – deyənlərin “Sənə lazımdır: hamıdan öndə olmaq, yüksəkdə olmaq. Özündən aşağılardan (status olaraq) uzaq qaçmaq, ancaq özündən yuxarıların arxasınca sürünmək!” – yanaşmasıdır cəmiyyəti ciddi mövzulardan uzaq salan…
Çünki fikrini-zikrini maddiyyata yönəltdiyimiz uşaqlar böyüyüb, əlbəttə ki, rüşvətxor məmur, fırıldaqçı satıcı, harama yönələn sələmçi (bankir) olacaqdı…
Çünki həqiqəti görməzdən gəlib ancaq “şirindil” olmağa yönəltdiyimiz uşaqlar, əlbəttə ki, böyüyüb yaltaq olacaqdılar, həqiqətdən qaçıb onları məqsədlərinə çatdıracaq yalanların arxasına sığınacaqdılar, bayağı olacaqdılar…
Çünki profesionallığı əhəmiyyətsiz bilib, necə olsa da, tanınmağı, öndə olmağı məsləhət bildiyimiz uşaqlar böyüyüb ciddi mətləblərdən uzaq düşəcək, professionallara deyil, fenomenlərə önəm verəcəkdilər…
Başa düşmək lazımdır ki, rüşvət alan, fırıldaqçılıq edən, harama əl atanları yetişdirən ümumilikdə biz, ayrı-ayrılıqda ailələrdir. Əgər vəzifəyə yeni təyin olunan Həsən dayının oğlu rüşvət alırsa, demək ki, günahı həm də özümüzdə axtarmalıyıq. Axı onu biz yetişdirmişik. Axı o Həsən dayının tərbiyəsini alıb…
Ya da doğruluğu, dürüstlüyü görməzdən gələn, yaltaqlıq və mədhiyyə ilə özünə “uca məqam” arzulayan Əli kişinin oğlunu da yetişdirən elə bizik. Axı o da Əli kişinin tərbiyəsi ilə baxırdı dünyaya…
Və yaxud əlində telefon, alimləri, dahiləri araşdırmayıb, işi-gücü fenomenləri izləmək olan, əxlaqi-tərbiyəvi və elmi dəyərləri boş verib fenomen biabırçılıqlara, trendlərə zaman və maddiyyat xərcləyən Davud kişinin də oğlunu ümumilikdə biz – cəmiyyət yetişdirmişik. Axı o da bizdən biri olan Davud kişinin tərbiyəsini almışdı…
Razıyam, tarixin heç bir mərhələsində, ölkəsində dahilik kütləviləşməyib, bayağılıq, kütlə psixologiyası yayğın olub. Amma tarixin heç bir mərhələsində Azərbaycan xalqı bu qədər cılız mövzulara yönəlməmiş, bu qədər aciz olmamışdı. Nizaminin sultanlara, şahlara yazdığı poemaların mahiyyətində belə dəyərlər vardı, müstəsna mesajlar vardı. Keçmişin bir aydını topluma yön verəcək qədər ciddi mətləblərə toxunurdu, bayağılığın həmişə kütləvi olduğu reallıqda dərvişlər xalqın qayğılarını, milli yaddaşını şifahi olaraq ölümsüzləşdirirdi.
Bu gün televiziyalarda bilərək, ya bilməyərək böyüksüzlüyün, boşanmaların, sosial münaqişələrin, quldurluğun, oğurluğun təbliğatı gedir. Bu gün meyxanaçıların bəziləri vulqarizmi sosial dil nümunəsinə çevirməkdədir. Bu günün sənət adamları dəyər formalaşdırmır, moda formalaşdırır və həmin moda ədəbsizliyə gedən qapını açır. Bu gün siyasətçilər xalqının, millətinin və dövlətinin maraqları naminə danışmır, vəzifə və ya pul qazana bilmək üçün boş açıqlamalar verir.
Bütün bu boşluqlar, çatışmazlıqlar isə sanki heç kimi narahat etmir. Hamı susub, kimsə yaralarımızı sarmaq üçün sözlərindən sarğı düzəltmir. Halbuki, Şah İsmayıl 14 yaşında dövlət qurmuş, nizam gətirmiş, ədaləti bərpa etmişdi. Əli bəylər, Ağaoğlular, Cavidlər, Məhəmmədzadələr, Hadilər işğal rejminin gətirdiyi ölüm təhlükəsinə, müxtəlif təqib və təhdidlərə baxmayaraq, xalqı üçün Dumadan yer istəyirdilər, azadlıq istəyirdilər və xalqının, millətinin faydasına çalışmaq üçün cüzi bir işıltı gözləyir, olmayanda özləri böyük bir alov qalayırdılar. Bu gün milli dövlətimizin var olduğu reallıqda isə bizlər milli varlığımızı, milli dəyərlərimizi yaşaya, yaşada bilmirik.
Halbuki dövlətin özünü var edən elə o dəyərlərdir. Həmin dəyərlərin yox olması, millətin, xalqın, dövlətin məhvini də bərabərində gətirəcəkdir.
Milli dövlətimizin ömrünü uzatmaq lazımdır. Bununla yetinməmək, onun əzəmət və qüdrətini artırmaq lazımdır. Hər şey isə lap təməldən başlayır:
“Sənə qalıb millətin cəfasını çəkmək?!” – sözünü unudub – “Hamımız bu millətin cəfasını çəkməliyik!” – deməliyik…
“Sənə qalıb ədaləti qorumaq, dürüstlük, insanlıq?!” – sözünü unudub – “Hamımızın borcudur, ədaləti qorumaq, dürüst olmaq, insan olmaq!” – deməliyik…
“Sənə qalıb profesionallıq?!” – sözünü unudub – “Profesional olandan öyrənmək, onu dinləmək, onu nümunə götürmək lazımdır!” – deməliyik…
Bax bunlar olanda heç kim – “Sənə lazımdır: iş tap, pul qazan!”, “Sənə lazımdır: dilini şirin elə, önə çıx!”, “Sənə lazımdır: hamıdan öndə olmaq, yüksəkdə olmaq. Özündən aşağılardan (status olaraq) uzaq qaçmaq, ancaq özündən yuxarıların arxasınca sürünmək!” – kimi mənasız və zərərli yanaşmaları heç görməyəcəyik!