Xəbərlər

Yamayka Fələstini müstəqil dövlət kimi tanıyacaq

Yamayka hakimiyyəti Fələstin Dövlətini tanımaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Yamayka uzun müddət davam edən münaqişənin iki dövlətli həllini müdafiə etməyə, İsrailin təhlükəsizliyinə zəmanət verməyə və fələstinlilərin ləyaqətini və hüquqlarını qorumağa davam edəcək. Fələstin dövlətini tanımaqla Yamayka münaqişənin sülh yolu ilə həllinə sadiqliyini göstərir”, – deyə ölkənin xarici işlər naziri Kamina Conson Smit bildirib.

Xarici işlər naziri əlavə edib ki, Yamayka Yaxın Şərqdə gərginliyin azaldılması və bölgədə davamlı sülhün bərqərar edilməsi üçün bütün səyləri dəstəkləyir.

Hazırda Fələstin BMT-yə üzv olan 193 ölkədən 140-ı tərəfindən müstəqil dövlət kimi tanınıb və dünyanın 95 ölkəsində Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.