Xəbərlər

Yapon kültüründə həyatın, gözəlliyin və ölümün simgəsi – Sakuralar…

Yaponiyada albalı çiçəklərinə sakura deyilir və bu çiçəklər ölkə və onun əhalisi üçün xüsusi məna daşıyır. Bu çiçəklərin ömrü çox qısadır. 1-2 həftə ərzində açılıb gözəlliklərini göstərir, daha sonra tökülürlər.

Sakuranın mənası ziddiyyətlidir. Bu çiçəklər həm həyatı, həm ölümü, həm də gözəlliyi özündə simvollaşdırır. Baharın gəlişi yeni həyat vəd etdiyi kimi, albalı çiçəklərinin çiçəklənməsi də canlılıq hissini gətirir. Onların qısa ömürləri isə həyatın keçici olduğunu xatırladır.

Sakuralardan yapon mədəniyyətində, o cümlədən rəsmlərində, filmlərində, şeirlərində və ədəbiyyatında əhəmiyyətli bir simvol olaraq istifadə edilir. Yapon ədəbiyyatında sakura ağacı haqqında ilk məlumatlar eramızdan əvvəl 712-ci ilə təsadüf edir.

Yaponiya Özünümüdafiə Qüvvələri öz nişanlarında və bayraqlarında sakura simvolundan istifadə edirlər. Bu çiçəklərdən simvol kimi istifadə etmələri, əslində, uzun bir tarixə malikdir. Hətta Orta Əsrlərdə “Çiçəkdə sakura, insanda samuray” ifadəsi yaranmışdır. Bu deyimi müxtəlif formalarda izah edirlər. Məsələn, bəzilərinin fikrincə, ən yaxşı çiçək sakura, ən yaxşı insan isə samuraydır. Başqa bir izahda isə albalı çiçəklərinin qısa və rəngarəng həyatları samurayların həyatlarını təmsil edir. Samuraylar hörmət, şərəf və nizam-intizam kimi ciddi əxlaqi dəyərlərə sahib idilər. Onların vəzifəsi bu fəzilətləri örnək göstərmək, qoruyub-saxlamaq və ölüm qarşısında belə qorxmaz döyüşçü olmaq idi. Ağacdan qopub düşmüş albalı çiçəkləri və ya ləçəkləri samurayların qısa ömürlərinin sonunu simvolizə edir.

“Albalı çiçəkləri ləçək tökəndə, samuraylar isə döyüşçü kimi öləndə gözəldir” fikri geniş yayılmışdır. Buna görə də düşən albalı çiçəkləri imperator üçün canlarını fəda edən samurayları simvollaşdırır. II Dünya Müharibəsi zamanı kamikadze döyüş təyyarələrinə hətta albalı çiçəkləri də çəkilmişdir. Bu emblemlər “imperator üçün gözəl düşən albalı ləçəkləri kimi” ölməyi simvolizə edirdi.

Yaponiya mədəniyyəti ilə tanış olmaq üçün bura hər il, xüsusən də sakura mövsümü zamanı saysız-hesabsız turistlər gəlir. Sakuraların çiçək açdığı bu qısa 1-2 həftəlik mövsümdə insanlar həmkarları, dostları və ailəsi ilə albalı çiçəyi məclisləri təşkil edirlər ki, bu da artıq qədim dövrlərdən bəri Yaponiyada “hanami” adını alan ənənəyə çevrilib. “Hanami” “çiçəkləri seyr etmək” deməkdir və uzun bir tarixə malikdir. Qədim dövrlərdə hanami imperator və elit təbəqələr üçün nəzərdə tutulmuşdu, lakin tezliklə samuray sinifləri arasında da geniş yayılmağa başladı.

Yaponiyada sakuranın çiçəklənməsinə həftələr qalmış mağaza rəfləri sakura ilə bağlı məhsullarla – şirniyyatlarla, yeməklərlə, içkilərlə doldurulur. Bu qida və içkilərin bəziləri sadəcə rənginə görə sakura ilə əlaqələndirilsə də, bəzilərində, həqiqətən də, yeməli sakura çiçəklərindən istifadə olunur. Məktəblər və şirkətlər də hanami dövründə yeni gələnlər əməkdaşlar üçün şənliklər keçirirlər.

Qeyd edək ki, albalı çiçəklərinin 11 çiçəkləmə mərhələsi var, lakin insanların ən çox diqqətini çəkən tam çiçəkləmə mərhələsidir. Bu mərhələdə sakura ağacındakı bütün çiçək tumurcuqları açılır və bu zaman daha çox tədbirlər, şənliklər təşkil edilir.

Yaponiyada sakuranın beş əsas və bağbanlar tərəfindən calaq edilərək yetişdirilmiş 200-dən artıq növü məlumdur. Bəzi ikebana məktəblərinin sakura budaqlarından gözəl kompozisiyalar düzəltməsinə baxmayaraq, yaponlar bu ağacın budaqlarını qırmağın qəti əleyhinədirlər.

Ləman Vahid