Köşə Yazıları Vüqar Mirzə

Yolda yaşamaq da mümkündür

Səhər tezdən yollara düşürük. Kimimiz avtobusun pəncərəsindən çölə baxır, kimimiz sükan arxasında zamanla yarışır. Yollar bizi bir nöqtədən digərinə, bir mənzildən başqa mənzilə aparır. Bəzən yavaş, bəzən sürətli, bəzən də əsəbiləşdirərək… Bu tıxaclarda zaman da gedir, ömür də gedir, yol da…

Bakı yolları özlüyündə bir nağıldır – amma bu nağılın içində təkcə gözəlliklər yox, gərginlik, səs-küy və basabas da var. Həyatın özü kimi… Elə bil hər gün küçələrdə ömrümüzün kiçik bir fraqmentini təkrar-təkrar yaşayırıq.

Bəli, həyat da yoldur. Bəzilərinə uzun, enli, düppədüz magistrallar qismət olur. Kimisi rahatlıqla, sürətlə irəliləyir. Digərininsə yolu dar keçidlərdən, qəfil döngələrdən keçir. Elə insanlar da var ki, onların taleyində tez-tez dayanacaqlar olur – bəzən zəruri, bəzən məcburi. Həyatda belə şeylər çox olur, bir də görürük, səbəbini axtardığımız maraq, ya cavabını bilmədiyimiz suallar bizi uzun səfərlərə aparır. Ömrün müəyyən çağında çevrilib arxaya baxanda görürük ki, dərviş səyyahlar kimi dünyanın bir başından o biri başına gəlib çıxmışıq. Getdiyin bu məsafə keşməkeşli olsa da, yol yoldur – hərəkət var, axın var və ən əsası, son nöqtə var.

Təəssüf ki, bu yolda çox vaxt “indi”ni itiririk. Gözümüz son mənzildə, fikrimiz növbəti addımda olur. Halbuki yolun özü də yaşamağa dəyər. O beş dəqiqəlik gözləmə, o yarım saatlıq tıxac və ya səfər müddəti – əgər baxış bucağımızı dəyişsək, düşünmək, özümüzə qayıtmaq üçün nadir fürsətlərə çevrilə bilər.

İctimai nəqliyyatda telefondan başımızı qaldırsaydıq, kim bilir, neçə insanın hekayəsini gözlərindən oxuyardıq. Avtomobildə tək olanda bir mahnının sözlərini daha dərin anlayardıq. Sürətlə getmək istəyi yerinə, yavaşlaya bilsəydik – həm özümüzü, həm yolumuzu daha yaxşı tanıyardıq.

Yollar həyatımızın metaforudur. Və bu metaforun içində hər kəs öz səmtini axtarır. Kimi azır, kimi yolunu tapmaq üçün dayanır. Amma son nəticədə hər birimizin ömrünə yazılmış bir yol xəritəsi var. Bu cizgi boyunca azuqə yığa, yükümüzü artıra, hətta dayanıb bir qədər istirahət edə, yeri gələndə də sürətlənə bilərik. Amma o xətdən kənara çıxa bilmərik. Bu xəritəni oxumağı bacarsaq, yol da, dayanacaq da, hətta tıxac da mənalı görünər.

…Amma gəlin bu metaforik baxışdan gerçəyə dönək.

Biz hər gün yolların içindəyik – evdən işə, işdən evə, alış-verişə, ziyarətə… Həftədə saatlarla zaman sərf edirik bu hərəkətin içində. Bəzən bu müddət əsəb, yorğunluq doğurur. Halbuki yolun özü də bir fürsətdir –düşünmək, öyrənmək, özünlə, xəyallarınla tək qalmaq fürsəti.

Əgər sərnişinsinizsə, kitab açın. Hətta beş səhifə belə oxusanız, bu beş səhifə vaxtın “ölümünə” kiçik bir qələbədir. Qulağınıza qulaqlıq taxın – bir audio kitab, tarixi bir roman, ya psixoloji bir analiz… Beyin həm yol alacaq, həm də zənginləşəcək. Qatarda, metroda, avtobusda səsli dərslər, dildə yeni sözlər, dərin düşüncəyə aparan klassik musiqilər və s. – sayısız imkan var.

Əgər sürücüsünüzsə, radioda faydalı bir veriliş, podkast, yaxud dinləyə biləcəyiniz maarifləndirici materiallar sizi həm yolda “ayıq” saxlayar, həm də ruhən zənginləşdirər.

Zaman da yol kimi bir istiqamət üzrədir – onu necə keçirdiyimiz, nə ilə doldurduğumuz bizim seçimimizdir.

Yolda zamanı saxlamaq olmur, amma yolda yaşamaq mümkündür.