Albert Eynşteynin “bir ölkənin gələcəyi o ölkənin insanlarının təhsilindən asılıdır” fikri təhsilin cəmiyyətin inkişafındakı əsl rolunu görmək üçün kifayət qədər önəmlidir. Bu mənada təhsillə bağlı düşünərkən məktəbi bitirən şagird(lər)in ali təhsil müəssisələrinə qəbul imtahanı verməsi və göstərdiyi nəticə(lər), əslində, təhsilin əsl mahiyyəti üçün göstərici ola bilməz. Çünki birmənalı söyləmək olar ki, yüksək nəticə göstərmiş şagirdlərlə yanaşı, daha aşağı nəticə göstərmiş şagirdlər də olacaq ki, bu da onların cəmiyyətdəki gələcək mövqeləri üçün maneə hesab olunmur. Eyni zamanda müasir dövrdə təhsil ömürboyu davam edən proses olduğundan burada təhsilə sadəcə məktəbdən baxmaq doğru olmaz.
Təhsilin əsl mahiyyəti üzrə fikirlərimizi ifadə etmək istəsək, əvvəlki yazılarımızdan birində qeyd etiyim bu fikirləri xatırlamaq yerinə düşər: “… təhsil insanın şəxsiyyətinin formalaşmasında, düşüncələrinin və sosial bacarıqlarının inkişafında xüsusi yer tutur. O, həm də insanlara həyat təcrübələri qazandırır. Hələ on dörd əsr öncə deyilən “beşikdən məzaradək elm öyrənin” fikri ilə tarixin bütün dövrlərində təhsilin, elmin nə qədər aktual olduğunu görə bilərik”.
Görünən odur ki, təhsil ilk öncə şəxsiyyətin inkişafını təmin etməlidir. Eyni zamanda insanda müəyyən bacarıqların formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Dünyaca məhşur onlayn ticarət platformasının qurucusu olan Jack Ma belə bir fikir irəli sürür. O deyir ki, “oğluma hər zaman sinfin ən yaxşısı olmamağı tövsiyyət edirəm. Çünki ortalama qiymətlərə sahib olanlar digər bacarıqlarını da inkişaf etdirmək üçün kifayət qədər zaman tapa bilərlər”.
PISA–nın yaradıcısı Andreas Şleyxer isə deyir ki, “əslində daha yaxşı təhsil şagirdlərə qarşıdakı problemlərin böyüklüyünü real şəkildə qiymətləndirmək imkanı verməlidir”(“Yeni çağırışlar” kitabının ön sözündən). Bu mənada dünyaca məhşur alimimiz Rafiq Əliyev isə deyir ki, “problemləri görə bilənlər innovasiya edə bilər”. Hər iki sitatdan yola çıxaraq söyləmək olar ki, əslində, müasir təhsil standartı suallara cavab verməkdən daha çox, problemləri görə bilməkdən, onları qiymətləndirməkdən ibarətdir.
Bu gün ölkəmizin təhsil sistemi, o cümlədən o sistemin bir parçası olan ali təhsil müəssisələrinə qəbul prosesi özü–özlüyündə bir yarış modeli halını almışdır desək məncə bu yazını oxuyan hər kəs mənimlə razılaşar. Çünki formal təhsilin nəticəsi olaraq ali təhsilə qəbul müsabiqə yolu ilə həyata keçirilir ki, bu müsabiqədə biri digərinə nisbətən ən yüksək nəticə göstərənlər “qalib” gəlmiş hesab olunur. Çox təəssüf ki, bu metod şagirdlərin mənafeyini ikinci plana atmaqla yanaşı, daha çox məktəbin mənafeyini ön plana çıxarır. Sadə bir eksperiment keçirsək və istənilən bir məktəbdən şagirdlərinin məzun olduqdan sonrakı taleyi ilə bağlı soruşsaq alacağımız ilk cavab ali təhsil müəssisələrinə qəbul olanlarla bağlı məlumatlar toplusu olacaq. Amma gəlin etiraf edək bu cəmiyyət sadəcə ali təhsillilərdən ibarət deyil. Bu cəmiyyət həm də peşə təhsili, orta ixtisas təhsili alanlardan, qeyri-formal və informal yollarla özünü inkişaf etdirib müəyyən peşə bacarıqlarına sahib olanlardan da ibarətdir ki, hamı kimi onların da daxilində bir xəzinə olduğunu söyləyə bilərik. Bu xəzinənin açarlar toplusundan biri isə təbii ki, təhsildir.
Təhsilin tarix boyu inkişaf mərhələlərinə baxsaq görərik ki, heç zaman özündə sadəcə biliyi ifadə etməyib. Müasir təhsilin əsas məqsədi fərdlərə həm də bacarıq və dəyərlər qazandırmaqdır. Bu dəyərlər və bacarıqlar toplusunun müqəddimə hissəsi ailədə qoyulsa da öz inkişafını məktəbdə davam etdirir. Təəssüf ki, məktəb təhsili öz həqiqi mahiyyətindən uzaq düşərək digər məsələlərlə daha çox məşğul olur. Əslində, məktəbdə bizə bir çox şeylər öyrədilmək istəsə də, bizim özümüzü dərk etməyimiz, zəif və güclü cəhətlərimizi müəyyən etməyimiz, istiqamətlənməli olduğumuz tərəf təhsil sistemində verilmir. Məktəb bilik öyrədir, amma nəyə qadir olduğumuzu müəyyənləşdirmək üçün bizə kömək etməkdə çətinlik çəkir. Bu mənada təhsilin əsl qayəsi olan zehnin müstəqillik qazanmasına inanmalı və insanların beynindəki sərhədləri yox etməsini təmin etməliyik.
Gəlin bildiyimiz qədər həm də inanaq ki, hər uşaq öz daxilində bir xəzinə daşıyır. Buna inansaq, heç bir uşağı zəif və ya güclü kateqoriyasına bölmərik. Onları sadəcə yaxşı nəticələr əldə etməli olan kiçik insanlar kimi deyil, həm də ölkəmizin gələcəyini əllərində tuta bilmək kimi bir potensiallarının olduğuna inandığımız xoşbəxt fərdlər kimi yetişdirərik.



