Ədəbiyyat • Xəbərlər

Zahid Sarıtorpaq – Ömür gəlib keçəcəksə, mürgülü

Nə şirindi o gözlərlə döyülmək –
çırpa yenə kirpik adlı qamçısı…
Bircə kərən haqq önündə əyilmək
Demək deyil yerdən göyə qan sızır.

Eşq yazılır o qan ilə yol üstə
O yazını silmək gəlməz əlindən.
Təki məndən öpülməmiş gül istə,
Yoxdu desəm, çarmıxa çək dilimdən.

Qoy desinlər: “Haqdan gələn cəzadır…”
Söz gülləsi, göz mərmisi, can külü
ağlabatan şeylər deyil miskinə.
Ömür gəlib keçəcəksə mürgülü,
Öpüləsi surət qalar pis günə.

Aşiq eşqdə salavatdan yıxılsa,
Bayılınca bilməz nədir olanlar.
Hər nə görsə dönüb ona ağ olsa,
Ürəyində solar bir–bir gül anlar.

İnanmaz ki, yolu qışdan yazadır…
İnanmaz ki, olan olub ötüşüb.
Yazdı, qışdı – fərq eləməz eyninə,
Dünyasına özü boyda od düşüb.

Nə yük varsa götürübdü çiyninə:
Dar ağacı… kəndirlər bir biçimdə…
Sevgidirmi Ay doğunca gün yata?
Əsl aşiq ölər sükut içində.
Fırtınatək qopub gedər dünyadan,
Kimsə bilməz kim kimə əl uzadır…