Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin birgə təşkilatçılığı ilə “Ziyayi-Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.
“Füyuzat”ın məlumatına görə, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycan milli mətbuatı tarixində mühüm yerə və rola malik “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyasının “Ziyayi–Qafqaziyyə (1880–1884)” adlı kitab şəklində çapı məmnunluq doğurur. O, kitabın Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə ərsəyə gəldiyini diqqətə çatdırıb.
R.Məcid deyib ki, “Ziyayi-Qafqaziyyə” “Əkinçi” qəzetinin bağlanmasından sonra mətbu nəşr boşluğunu aradan qaldıraraq böyük missiya yerinə yetirib, səhifələrində XIX əsrin sonlarında Azərbaycandakı ictimai-siyasi vəziyyəti işıqlandırıb, dövrün ən aktual problemlərinə toxunub, mövzu və janr zənginliyi ilə seçilib.
Qeyd edək ki, “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyası olan “Ziyayi-Qafqaziyyə (1880-1884)” kitabının baş redaktoru və ön söz müəllifi AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. R.Məcid çıxışında yeni nəşrin “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul və çətin işin öhdəsindən gəlmiş dəyərli alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş mərhum Müştəba Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsi olduğunu da bildirib.
Toplantıda çıxış edənlərdən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənov, tanınmış jurnalist və elmi işçi, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru, milli mətbuatımızın tədqiqatçısı Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, “Bayraqdar Media”nın baş redaktoru Azər Həsrət, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Yayımlarının direktoru Əsəd Aslanoğlu, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli, tarix elmləri namizədi, dosent Akif Nağı və başqaları əvvəl “Ziya”, sonra “Ziyayi-Qafqaziyyə” adı ilə çıxmış qəzetin materiallarının kitab şəklində çapının əhəmiyyətini əsaslandırıblar.
Natiqlər “Əkinçi” ənənələrini davam etdirmiş və ictimai fikir tariximizdə böyük iz buraxmış, ümmətçilikdən millətçiliyə keçidin təmin olunmasında misilsiz xidmətlərə malik “Ziyayi-Qafqaziyyə”nin, o cümlədən, ondan sonra fəaliyyət göstərmiş mətbuat nümunələrimizin 1918-ci il müstəqilliyinə aparan yola ideoloji nəfəs gətirdiklərini vurğulayıb nəşrdə qaldırılan məsələlərin günümüz üçün də aktuallığından söz açıblar.
Toplantıda aparılan müzakirə gedişində bildirilib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərimizin də transfoneliterasiyası, bu işdə vahid redaktə qaydalarının əsas götürülməsi vacibdir. Müzakirə gedişində, habelə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin qeyd edilən istiqamətlərdəki gələcək fəaliyyətinə nəzər salınıb, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsinə görə AMEA rəhbərliyinə təşəkkür ifadə olunmaqla yanaşı, “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirən mərhum Müştəba Əliyevin əziz xatirəsi ehtiramla anılıb. M.Əliyevin oğlu S.Əliyev atasının əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.