Real dünyanın imkanları bəzən bizim rasional düşüncələrimizlə qavranılmır. Ona görə də fəlsəfi düşüncə sistemləri tarix boyu təsadüf və zərurət arasında həmişə fikir ixtilafları yaşayıb.
Biz “istədiyimiz dünya” ilə “gördüyümüz dünya” arasında 3 önəmli təfəkkür burulğanı yaşayırıq. Birincisi, anlamalıyıq ki, qavrayış və təsəvvürlər heç də obyektiv reallığı ehtiva etmir. İkincisi, romantik düşüncə təkcə ədəbi bir prosesə yön vermir. Ən nəhayət, yaşamaq, bəlkə də, elə dünyadan feyz almanın özüdür.
İnsan feyz almayanda onun cismi yaşasa da, ruhu ölür axı…
Təsəvvür bilikdən daha vacibdir. Çünki bilik məhdud olduğu halda, təxəyyül bütün dünyanı əhatə edir. Eynşteynin bu romantik baxışları həmkarları tərəfindən sonrakı dövrlərdə çox tənqidlərə məruz qaldı.
Elmdə və fəlsəfədə təxəyyül çox böyük əhəmiyyət kəsb edir. Lakin iki intellektual sahə metod baxımından bir-birindən kritik məqamda fərqlənir. Təxəyyül bilmədiyimiz şeylər haqqında fikir irəli sürmək hərəkətidir və bu baxımdan fəlsəfi mənada çox dəyərlidir. Amma elmdə bilmədiyimiz şeylər mahiyyətcə məntiqli və ardıcıl olsa belə, onlar haqqında fərziyyələr yürütmək risklidir. Təxəyyül və elmi metodologiyanı uyğun ardıcıllıqla qarışdırmağı bacarmaq böyük ustalıq və təcrübə tələb edir.
Kant metafizikanın özünü bir elm kimi gördüyünü, lakin digər elmlər kimi irəliləyiş əldə etmədiyini və bu vəziyyətin kifayət qədər gülünc olduğunu bildirib. Metafizikaya bilgi kimi yanaşanlar onu tənqid etsə də, təxəyyülçü romantiklər sona qədər müdafiə edir.
Bizim yaradıcılığımız və bəzən də bütün fəlsəfi mövcudluğumuz ancaq tədqiqatçı baxışından, romantik təxəyyülərdən inkişaf edə bilər.
“Füyuzat” ənənəsinin bu baxımdan dərin fəlsəfi anlamı və kökləri mövcuddur. Füyuzatçıların hər biri yaşamağın sirlərini əqli tərəqqidə görən romantik maarifçilər idi. Eyni zamanda zövq anlayışı bir fəlsəfi eqoizm tərzi deyil.
Diogenlə xatırlanan sinizm təlimi insanın dünyaya arxa çevirib bütün insani duyğulardan əl çəkməyi hədəflədiyi halda, hedonizm təlimi dünyadan həzz almağı hədəfləyir. Hedonistlər arasında da müxtəlif fərqlər var. Zövq xoşbəxtlikdir. İnsan təbiətcə ağrıdan qaçan, ləzzət axtaran varlıqdır. Ona görə də “davranışımızın məqsədi zövq olmalıdır” deyirdi Epikür.
Epikür həm də hedonizmi davam etdirən filosoflardandır. Bununla belə, Epikür Aristippin fiziki həzzindən daha çox mənəvi həzzi üstün tutur.
Onun üçün ən böyük həzz ruhun rahatlığıdır. Bu, fiziki həzlərin arxasınca deyil, müdrikliklə əldə edilir. Onun fikrincə, ən yüksək yaxşılıq zövqdür. Amma əsl həzz daimidir. Davamlı həzz də hikmətlə əldə edilə bilər.
Hedonizm çox mübahisəli bir doktrinadır. Bəzi insanlar bunun əxlaqsızlıq olduğunu iddia edir, bəziləri isə bu doktrinadan möhkəm yapışırlar. Bu, təbii ki, hər bir insanın öz əxlaq normalarından asılıdır.
Hedonizmə zidd olan düşüncə tərzi, ümumiyyətlə, sinizm kimi tanınır. Sinizm özünü bütün duyğulardan və qaydalardan təcrid edən və təbiətin bir hissəsinə çevrilən fərdi təsvir etmək üçün istifadə olunur. Bəzən dünyaya ancaq neqativ “tonlarla” baxan siniklər varlığın yüksək intellektual keyfiyyətlərindən, mədəniyyətin mükəmməl çeşidliliyindən, yaradıcılığın sonsuz dəryasından kənar tuturlar özlərini.
Yaşam bizim şüurumuza saysız alternativ seçimlər bəxş edir. Fərdlərin seçimləri bəzən böyük savaşları və itkiləri bitirir. Hətta seçim etmək keyfiyyətləri belə insanın zövq alması gərəkən özəlliklərindəndir.
Unutmayaq ki, sevgi və sayğı da varlığın gözəlliyindən zövq almaqdan kənarda mövcud deyil…