Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) “2023 Qlobal İqlim Nəticələri”ni açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, nəticəyə müvafiq olaraq, 2023-cü il 1850-ci ildən bəri qeydə alınan ən isti il olub. Qlobal orta səth temperaturu keçən il orta hesabla 14,98 dərəcəyə yüksəlib ki, bu da əvvəlki ən isti il olan 2016-cı ildən 0,17 dərəcə yüksəkdir.
Ötən il qlobal temperatur 1850-1900-cü illəri əhatə edən dövrün orta göstəricisindən 1,48 dərəcə, 1991-2020-ci illərin orta göstəricisindən isə 0,60 dərəcə yüksək olub.
Keçən il Avstraliya istisna olmaqla, demək olar ki, bütün regionlarda illik orta temperatur da rekord həddə çatıb.
Ötən ilin iyun və dekabr ayları arasında hər ay bir əvvəlki ilin eyni ayına nisbətən daha isti olub. İyul və avqust tarixlərin ən isti iki ayı olub. 2023-cü ilin yayı isə tarixdə ən isti yay olub.