“Nə vaxt döyüşüb, nə vaxt döyüşməyəcəyini bilən qalib gələcək”
Bu ifadə Sun Tzu-nun “Savaş sənəti” adlı əsərindəndir. Mən bu ifadəni “Kiminlə döyüşüb, kiminlə döyüşməyəcəyini bilən qalib gələcək” şəklində dəyişsəm, yəqin ki, yanlış olmaz. Həyatda hər kəs bir mübarizə içindədir. Dünyanın hər bir bölgəsinə fərqli iqtisadi, siyasi, mədəni, sosial mühit və şərtlər hakimdir. Dünyanın fərqli coğrafiyalarındakı insani mübarizələr vizual olaraq fərqli görünsə də, mahiyyətcə əksərən eyni əsaslar uğrundadır və ya eyni anlayışlara qarşı mübarizə aparılır. Bu həyat mübarizələrin çoxu ən bəsit insani ehtiyacların qarşılanması üçün aparılan həyat mübarizəsidir. Yaşamaq, yaşatmaq üçün verilən bu ağır mübarizələr təqdirəlayiqdir. Lakin bütün insanların yaşaya bilmək üçün saysız çətinliyə qarşı verdikləri dəyərli mübarizələrin yanında, daxillərində öz təbiətlərinə qarşı verdikləri gizli bir mənasız mübarizə, savaş vardır. Heç kim dilə gətirməsə də, hər kəs bunun fərqindədir.
Yaşamaq, ailəmizi, övladlarımızı yaşatmaq üçün çəkdiyimiz əziyyətlər, çətinliklərə, maneələrə qarşı apardığımız mübarizə çox dəyərlidir, qiymətlidir. Lakin kim olduğumuzu, niyə var edildiyimizi, insan olaraq dünyadakı məqsədimizin nə olduğunu, xüsusilə dünyanın kainatın sahibinə qarşı olan məsuliyyətimizlə bağlı düşünməyə, araşdırmağa, ağlımızı açmağa qarşı verdiyimiz daxili mübarizə ki var, bax bu mübarizə, bu psixoloji savaş mənasızdır. Nə dediyimi anlamamış kimi davranma! Nə dediyimi anlayırsan. Xatırla! Nə zaman beynin işləməyə başlasa, hər şeyi mənalandırmağa, sorğu-sual etməyə başlasa, o dəqiqə müdaxilə edib beynini susdurmusan, ya bir musiqi açaraq, ya bir film açaraq, ya oyun oynamağa başlayaraq, ya da sosial şəbəkələrdə zaman keçirirək beynini susdurursan hər dəfə. Bəhs etdiyim mənasız savaş, bəhs etdiyim sonunda mütləq məğlub olacağın savaş budur. Çünki, həqiqəti görməyi, üzləşməyi nə qədər istməsən də, qaçsan da gec-tez onunla qarşılaşacaqsan və məğlubiyyət qaçınılmaz olacaq. Çünki ən başından qətiyyən savaşmamalı olduğun birinə qarşı savaşmağı seçməklə onsuzda məğlub olacağının dəqiq olduğu mənasız bir mübarizəyə başlamış oldun.
Məqalənin başında dediyim “Kiminlə döyüşüb, kiminlə döyüşməyəcəyini bilən qalib gələcək” ifadəni yenidən xatırladım. Allah insanın bütövlüklə qavrayabilməyəcəyi qədər sonsuz güc və qüvvət sahibidir. Lakin Allahın sonsuz ağlından, elmindən, gücündən qavraya bildiklərimiz, öyrənə bildiklərimiz belə bizə necə böyük, necə möhtəşəm bir gücün varlığından xəbər verir. Belə bir ağılalmaz, ölçülməz, möhtəşəm bir güc sahibi var, Onu tanımaq, Ona yaxınlaşmaq yerinə Ona savaş açmaq və ya Ona əhəmiyyət vermədən yaşamağa çalışmaq nə qədər ağıllı, məntiqli bir davranışdır?. Nə bu kainat, nə bu dünya, nə də hətta özümüz barədə belə bu qədər çox az məlumat sahibi ikən, hər şeyin yaradıcısı, başlanğıcı olan varlığı tanımaq, ona yaxınlaşmağa çalışmaq, hər şeyi əsas qaynağından öyrənməyə çalışmaq yerinə, özümüzdən əxlaq və ya həyat qaydaları kəşf edib Yaradıcını yaxşı və ya pis elan etmək, mühakimə etmək nə qədər ağıllı bir davranışdır? – Sizcə, də bu çox absurd və mənasız bir savaş deyilmi?
İnsan, həqiqətən, çox maraqlı bir varlıqdır. Hansı tərəfdən araşdırırsan araşdır, dəyərləndir insan heyratəmiz şəkildə yaradılmış, çox maraqlı bir varlıqdır. Onu bu qədər heyrətamiz edən amillərdən biri də insanın üzərindəki yaradılış surəti, yaradılış simvolları bütöv bir ilahi yaradılışın, mürəkkəbliyin təzahürlərindən biri olmasıdır. İnsan varlıq olaraq kəskin bir qılıncın ucundakı sərhəd kimidir, üzərindəki və ətrafındakı dəhşətli ilahi təzahürü görməyi seçdiyi, qalib gəlməsi qətiyyən mümkün olmayan bir savaşa girməməyi seçdiyi zaman ayrı bir varlığa çevrilə bilməsi, mənasız bir mübarizəyə qərar verdiyi zaman isə ayrı bir varlığa çevrilə bilməsidir. İnsan adlı varlığın bu qədər kəskin iki fitrəti də məhz onu çox heyrətamiz qılır. Lakin bu heyrətamizliyin əsl sahibi insana bu fitrəti verən yaradıcımız olan Allahdır.
Səmimi olaraq dəyərləndirdiyimiz təqdirdə hər birimiz bilirik ki, vicdanımızı, iç səsimizi daim örtürük, Allahın varlığı, bizə yaxınlığı bu qədər açıq olduğu halda, onu görməzdən gəlməyi, hətta ona qarşı savaşmağı seçirik. Bu dünyada zamanımız limitlidir, əgər öz varlığınızın fərqindəsinizsə, sahib olduğunuz bu şüurun qaynağını səmimi şəkildə sonuna qədər araşdırın, kim olduğunuzu kəşf edin, mənasız mübarizələr ilə Sizə verilən müvvəqəti zamanı israf etməyin.