2022-ci ilin fevral ayından etibarən 60 minə yaxın ukraynalı hərbçi Avropa İttifaqının (Aİ) Ukraynaya Hərbi Təlim Missiyası (EUMAM Ukraine) çərçivəsində təlim keçib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Euractiv” portalı Kiyevin hesablamalarına istinadən məlumat yayıb.
Nəşr əlavə edir ki, Avropa İttifaqının Ukraynaya hərbi yardımı 39 milyard avronu keçib.
Ukraynanın Aİ-dəki nümayəndəsi Vsevolod Çentsov portalla söhbətində qeyd edib ki, Kiyev yeni rəhbərlik işə başladıqdan sonra Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə ümid edir. Onun sözlərinə görə, Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının rəhbəri, eləcə də Roberta Metsolanın Avropa Parlamentinin sədri seçilməsi ümidvericidir, çünki hər ikisi ardıcıl olaraq Ukraynanı dəstəkləməyə üstünlük verir.
Diplomat əlavə edib ki, hərbi və humanitar dəstəkdən əlavə, Kiyev Aİ-yə daxil olmaq üçün danışıqlarda gələcək addımlara ümid edir.
EUMAM Ukrayna missiyası 2022-ci ilin oktyabrında başlayıb. Proqram çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları mütəmadi olaraq Aİ ölkələrinin silahlı qüvvələrinin standartlarına uyğun təlim keçirlər. 2023-cü ilin noyabr ayının sonunda Aİ Ukrayna hərbçilərinin təlimi üçün 200 milyon avroya yaxın vəsait ayırıb.