11 sentyabr 2024-cü il tarixində Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin qızı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, görkəmli muzeyşünas və mətnşünas Turan Cavidin anım günü ilə əlaqədar tədbir keçirilib.
“Füyuzat”ın məlumatına görə, öncə Turan Cavidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, fil.e.d. Gülbəniz Babaxanlı açaraq bildirib ki, 1937-ci ildə Hüseyn Cavidin həbs edilməsindən sonra Turan Cavid bütün ömrünü atası Hüseyn Cavidin irsinin qorunmasına, təbliğinə, nəşrinə və tədqiqinə həsr etmiş, şairin Bakıda və Naxçıvanda Ev Muzeyinin yaradılmasında, fəaliyyətində əlindən gələni əsirgəməyib.
Hələ kiçik yaşlarında olarkən Turan xanıma atası əski əlifbanı öyrədib. O, uşaqlıqdan Cavidin əsərlərini orijinaldan mütaliə edib. Bunun nəticəsində sonradan atasının əsərlərinin əlyazmaları sovet dönəmində məhv edilsə də, təhrif edilmiş əsərlərin üzərində işləyərək onları yenidən ilkin versiyaya qaytarmağa nail olub. Hüseyn Cavidin Ev Muzeyinə rəhbərlik etdiyi müddətdə (1991-2004) ədibin tam külliyyatının elmi-tənqidi mətninin hazırlanmasında böyük zəhməti olub.
Sonda tədbir iştirakçıları muzeyin fond materialları əsasında Turan Cavid haqqında tərtib edilmiş tematik kitab sərgisi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.