Xəbərlər

Makrona qarşı impiçment prosesinin başlanması təsdiqlənib

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu solçu “İtaətsiz Fransa” partiyasının Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması ilə bağlı qətnamənin müzakirəyə çıxarılması təşəbbüsünü məqbul adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “X”də “Tabe olmayan Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Mathilde Panot məlumat verib.

“Milli Assambleyanın Bürosu indicə səs çoxluğu ilə Respublika Prezidentinin istefası ilə bağlı qətnamənin məqbul olduğuna qərar verdi”, – deyə Panot yazıb.

O qeyd edib ki, bu addım ölkə üçün görünməmiş hadisədir.

Panot əlavə edib ki, qətnamənin mətni indi qanunvericilik məsələləri komitəsinin müzakirəsinə göndəriləcək. O həmçinin sentyabrın 21-də Makronun siyasətinə qarşı, eləcə də onun istefası üçün kütləvi nümayiş elan edib.

Qeyd edək ki, qətnamə avqustun 31-də Milli Assambleyanın Bürosuna təqdim edilib. Bu, ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq, Makronun öz vəzifələrini yerinə yetirməməsi halında impiçment ssenarisinə imkan verən hakimiyyətdən uzaqlaşdırılma prosedurunun başlamasını nəzərdə tutur. Belə bir qərar parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir.

Qətnamənin təsdiqi üçün Milli Məclis deputatlarının üçdə ikisi onun lehinə səs verməlidir. Sonra layihə parlamentin Senatına (yuxarı palata) təqdim edilir. Hər iki palata sənədi dəstəkləsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçment üçün qətnaməni iki palatanın 925 üzvündən ən azı 617-si dəstəkləməlidir.