Ədəbiyyat

Dərviş Yunus

Bir zamanlar ucqar kəndlərin birində əkinçiliklə keçinən, həddindən artıq kasıb olan Yunus adlı bir adam vardı.

Kəndləri yamyaşıl meşənin və dağların qoynundan süzülüb gələn çayın kənarında yerləşirdi. Kənd camaatı daha çox əkinçiliklə məşğul olurdu…

Həmin il böyük qıtlıq üz vermişdi. Kəndlilər qış üçün heç bir tədarük görə bilməmişdilər. Yunus yardım istəmək üçün yaxın kəndlərin birində səxavəti və comərdliyi ilə tanınan Hacı Bektaş Vəlinin dərgahına yollandı. Əliboş getməmək üçün yol boyu meşədən giləmeyvə topladı. Dərgaha çatıb dərgahdakılara gəlişinin səbəbini anlatdı və yardım olaraq buğda istədi. Vəziyyəti Hacı Bektaş Vəliyə çatdırdılar, o da adamları vasitəsi ilə soruşdu:

– Buğdamı verək, yoxsa nəfəs?

Yunus:

– Nəfəsi neyləyirəm, mənə buğda lazımdır dedi.

Hacı Bektaş Vəli də:

– Buğda lazımdırsa, verək. Ancaq nəfəs lazımdırsa, gətirdiyi meyvələrin hər biri qədər nəfəs verək.

Yunus yenə:

– Nəfəsi neyləyirəm mənə buğda lazımdır.

Vəli bu dəfə də: Buğda lazımdırsa verək, ancaq nəfəs lazımdırsa, hər bir meyvənin içindəki tumu qədər nəfəs verək.

Yunus inadından əl çəkmədi. Uşaqlarının ac olduğunu və nəfəsin onların qarnını doydurmayacağını söylədi.

– Əgər yaxşılıq etmək istəyirsinizsə, mənə buğda verin gedim – deyə təkid etdi.

Hacı Bektaş Vəlinin əmri ilə Yunusa öküzlərin götürə biləcəyi qədər buğda verilir, o da kəndə doğru yola düşür. Yolboyu Hacı Bektaş Vəlinin nə demək istədiyini və bu nəfəsin nə olduğunu düşünür. Birdən Hacı Bektaş Vəlinin nə demək istədiyini anlayır. “Aman Allah, mən neylədim mənə ehsan edildi, dirilik yolu göstərildi, Haqqa çağırdılar, mən isə onu geri çevirdim, rədd etdim” deyib tez gəldiyi yolu geri dönüb dərgaha sarı üz tutdu. Bir müddət sonra gəlib dərgaha çatdı.

O, öküzlərə yüklədiyi buğda kisələrinin hamısını boşaldır və Haqq dostu mənə etdiyi nəsibi versinlər deyib ricada bulunur.

Dərgahdakılar Yunusun dediklərini Hacı Bektaş Vəliyə çatdırdılar. O da: “Bu iş artıq burada olmaz, biz onun könül qapısının açarını Tapdıq Əmrəyə verdik, – dedi, – getsin sahibini ondan alsın”.

Yunus üz tutur Tapdıq Əmrənin dərgahına. Hacı Bektaş Vəlinin salamını yetirir. O da: “Xoş gəldin, səfa gətirdin, – deyib, – Gəlişinin səbəbini anladıq, buyur xidmət et, əmək sərf et, nəsibini al”, – deyir və Yunus dərgaha odunçu təyin edilir.

Hər gün səhər tezdən yerindən qalxıb kəndin yaxınlığındakı meşəyə üz tutur və oradan dərgaha odun daşımağa başlayır…

Bəli, tələbə olmaq, həqiqi tələbəliyi qəbul etmək, çətinliklərlə razılaşmaqdır. Bunu hər kəs bacara bilməz, bu bir “kişi” işidir. Bunun üçündür ki, tələbəlik çətindir, odun daşıtdırırlar, ciyər satdırırlar, zəhər daddırırlar, hamısına qatlanmaq gərəkdir.

Və beləliklə, Yunus günlərcə, aylarca, illərcə dərgaha odun daşımağa başlayır. O qədər ki, artıq balta vurmaqdan əli, odun daşımaqdan beli qabar bağlayır, hətta yara olur. Amma bir an olsun xidmətindən əl çəkmir, dərgaha bir ədəd belə olsun əyri-üyrü odun gətirmir. Düz odun tapmaq üçün bəzən hətta dağların təpəsindəki meşələrə belə dırmanır…

Bir gün Tapdıq Əmrə Yunusdan soruşur:

– Oğlum bunlar nə düz odunlardır, meşədə heç əyri odunlar yoxdurmu?

Yunus utancaq bir halda deyir: “Var, Ustad, amma sizin qapınızdan içəri əyri odun girməz ki, bu qapıya əyri yaraşmaz”.

Bəli, Yunus düz otuz il dərgahda çalışdı, çabaladı, xidmət etdi. Fəqət bir gün necə oldusa: “Mən düz otuz ildir ustadımın qapısında xidmət etdim, ancaq gözlədiyimin qarşılığını ala bilmədim” – deyib heç kəsə bir şey söyləmədən dərgahı tərk etdi və düşdü yollara…

Nədənsə yolboyu içini anlaşılmaz bir hüzn, bir kədər qapladı, ancaq bu arada bir şeyin fərqinə vardı: Tapdıq Əmrənin qapısında ən bəsit işləri yerinə yetirərkən içində hüzur, könlündə bir aydınlıq, bir fərahlıq var idi, ancaq elə ki, oradan ayrıldı, sanki içi qaralıb könlü qatılaşdı və bunları düşündükcə Tapdıq Əmrəyə qarşı içini bir həsrət, bir hicran sardı…

Səfərə davam edərkən bir axşam vaxtı yolda üç nəfərə rast gəldi. İçini saran hüzn və həsrət, bəlkə, bir az azalar düşüncəsi ilə onlara qoşuldu.

Onlarla bərabər bir müddət yola davam etdi.

Bir müddət sonra yoldaşlıq etdiyi insanlar Yunusun diqqətini cəlb etdi. Bu adamlar dərviş qiyafəli yaşlı insanlardı və güvən doğuran halları vardı. Yolçuluq əsnasında bir vaxt gəldi ki, yeyəcək hər şeyləri tükəndi, xurcunlarında heç bir şeyləri qalmadı. Dostlardan biri əllərini açıb dua etdi, Allahdan yemək üçün bir şeylər istədi. Bir az irəli getmişdilər ki, qarşılarına yeməklə dolu bir süfrə çıxdı, yedilər, içdilər, Rəblərinə dua edib təkrar yola davam etdilər. Bundan sonra bu üç nəfərdən hər biri yolda yeməkləri qurtardığında dua edib Allaha yalvardı və ilahi bir lütf olaraq da qarşılarına bir süfrə çıxdı, onlar da bu süfrədən yedilər və yenə yollarına davam etdilər. Sonda dua etmək sırası Yunusa çatdı.

Yol yoldaşlarının hər biri Allah qatında uca insanlar idi ki, duaları qəbul olurdu. Özü isə miskin biçarənin biriydi, necə duası qəbul olunardı ki? deyə düşünürdü. Amma duanı etməli idi. Bütün varlığı, səmimiyyəti ilə Rəbbinə yönəldi və yalvardı: “Allahım, bu yoldaşlarım sənə kimin üzü-suyu hörmətinə yalvardılarsa, mən də onun üzü-suyu hörmətinə sənə yalvarıram və səndən istəyirəm, məni utandırma… Ya Rəbbi..!

Bu duadan sonra əvvəlkilərdən iki dəfə zəngin bir süfrə qarşılarına çıxdı. Dostlar heyrət içərisində:

– Qardaş, sən kimin hörmətinə dua etdin ki, Allah bizə belə zəngin bir süfrə

etdin ki, Allah bizə belə zəngin bir süfrə nəsib etdi.

Yunus dedi:

– Əvvəlcə siz söyləyin. Siz kimin hörmətinə dua etdiniz?

– Biz Tapdıq Əmrənin dərgahında həddindən arıq, səmimi, itaətkar bir dərviş, adı Yunusdur, onun hörmətinə Allaha dua edib yalvardıq.

Yunus bunları duyduğunda heç bir şey deyə bilmədi, nitqi tutuldu, dili-ağzı söz kəsmədi, sadəcə gözlərindən süzülən yaşlar onun halını ifadə etməyə yetdi.

Döndü geri. Günlərcə ac-susuz, peşman halda durmadan yürüdü. Tapdıq Əmrənin dərgahına gəlib-çatdı. Ustadından izinsiz dərgahgı tərk etmişdi, halbuki Tapdıq Əmrə ona böyük dərəcələr qazandırmışdı. Dərin bir peşmançılıq içərisində bədənindən sıyrılmış bir ruh kimi dərgah qapısından içəri girdi. “Ustadımdan necə əfv diləyim, görəsən, məni bağışlayarmı?” – deyə Tapdıq Əmrənin xanımından soruşdu. O da:

– Ustad hər gün sabah tezdən dəstəmaz almaq üçün nərdivanlarla hücrəsindən aşağı enər, sən də gedib başını qoy o nərdivanlara. O, ayağını atarkən soruşacaq, bu kimdir. Mən də deyəcəyəm, Yunus. Əgər desə ki, hansı Yunus, bil ki, səni könlündən silib, yox əgər desə ki, bizim Yunus, bil ki, səni könlündən çıxartmamışdır.

Yunus belə də edir.

Ustadının gözləri görmürdü, o, tezdən qalxıb nərdivanlardan aşağı enərkən Yunus göz yaşı, peşmançılıq içində başını ustadının ayaqları altına qoyur, ustad ayağını atar-atmaz “Yunusum gəldimi?” deyir. Yunus hıçqırıqlarla sarılır ustadının ayaqlarına…

O gündən Yunus olur Yunus Əmrə…
Eşqin məndən aldı məni,
Mənə səni gərək, səni.
Alışıram gecə-gündüz,
Mənə səni gərək, səni!

Nə varlığa sevinirəm,
Nə yoxluğa yerinirəm,
Eşqin ilə ovunuram,
Mənə səni gərək, səni!