Çin Xalq Azadlıq Ordusu (PLA) Tayvan ətrafında “Birgə Qılınc 2024B” təliminə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə PLA-nın Şərq Zonası Döyüş Komandanlığının rəsmi nümayəndəsi, baş polkovnik Li Si bildirib.
“PLA-nın Şərq Döyüş Komandanlığı Bölgəsi Tayvan Boğazı, Tayvan adasının şimal, cənub və şərq hissələrində “Birgə Qılınc 2024B” təlimini keçirmək üçün quru qoşunları, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunları cəlb edib”, – deyə Li Si qeyd edib.
Onun sözlərinə görə, bu təlimlər Tayvanın müstəqilliyinə can atan separatçı qüvvələr üçün güclü maneə olacaq. O, həmçinin təlimləri milli suverenliyin və milli birliyin qorunması üçün qanuni və zəruri hərəkətlər adlandırıb.
“PLA gəmiləri və təyyarələri müxtəlif istiqamətlərdən Tayvan adasına yaxınlaşıb, bütün qoşun növləri hava və dəniz döyüş patrullarına, əsas limanların və ərazilərin blokadasına, dəniz və yerüstü hədəflərə hücuma hazırdır”, – bəyanatda deyilir.
O qeyd edib ki, PLA qoşunların birgə əməliyyatlar aparmaq imkanlarını sınaqdan keçirir.