Xəbərlər

Ərdoğan İsrailə təzyiqi artırmağa çağırıb

“İsrailin Qəzza zolağında soyqırımını davam etdirdiyi bir vaxtda Yaxın Şərqdə sülh mümkün deyil”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

O, münaqişənin tez bir zamanda həlli üçün İsrailə təzyiqlərin artırılmasının tərəfdarı olduğunu bildirib.

“İsrailin Qəzzada və digər Fələstin ərazilərində törətdiyi soyqırımı və Livandakı terror aktları mühüm müzakirə mövzusu olub. Bölgədə insanlıq faciəsi davam edir. Biz daimi atəşkəsin təmin edilməsi üçün əlimizdən gələni etməliyik və onlara lazımi təzyiqlər göstərməliyik”, – deyə Ərdoğan bildirib.

“Qırğında 50 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb”, – deyən Türkiyə Prezidenti İsrailin hücumlar üçün F-35 qırıcılarından istifadə etdiyini bildirib.

O həmçinin bildirib ki, İsrail münaqişəni yaymaq üçün planlar hazırlayır.

“Aydındır ki, İsrailin Baş naziri Benyamin Netanyahunun fikri müharibəni regiona yaymaqdır”, – Ərdoğan deyib.