Rejissor Elçin Ağazadə feysbuk hesabında maraqlı paylaşım edib.
“Füyuzat”ın məlumatına görə, o, Xocalı qurbanlarına həsr olunmuş “Kölgəsiz adamlar” animasiya filmi haqqında danışıb.
Bildirib ki, olduqca maraq doğuran bu layihə maddi çətinliklərə görə yarımçıq qalıb, davam etdirməyə şəxsi büdcələri çatmır:
“Dəyərli dostlar, qürur hissi ilə sizə Xocalı qurbanlarına həsr olunmuş “Kölgəsiz adamlar” animasiya filmimizin tizerini təqdim edirəm.
Ümid edirəm ki, yarımçıq qalmış bu layihə tezliklə tamamlanacaq. Soyqırımına məruz qalmış millətimin səsi ola biləcək bu layihə üçün əlimizdən gələni etmişik, lakin bundan artığına gücümüz çatmır.
Filmimiz bu yaxınlarda türk ölkələri üçün animasiya filmləri tədbirində nümayişə seçilib, lakin, təəssüf ki, maddi imkanlar üzündən bu fürsətdən yararlana bilmədi….
Hal-hazırda layihəni tamamlayıb işıq üzü görməsi üçün sponsorlar və ya qrant dəstəyi axtarırıq. Ümid edirəm ki, illərdir göz nurunu bu layihəyə həsr edən rəssamlarımızın əməyi yerdə qalmaz.
Dəyərli dostlar, zəhmət olmasa, bu məlumatı paylaşaraq bizə dəstək olun. Bəlkə, bu layihə işıq üzü görə…” – rejissor qeyd edib.