Hindistan və Çin Şərqi Ladaxdakı Faktiki Nəzarət Xəttində (LAC) Depsanq və Demçok bölgələrində mərhələli geri çəkilmə prosesini başa çatdırıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Hindustan Times” hərbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Hindistan qoşunları tezliklə bu ərazilərdə Çin Xalq Azadlıq Ordusunun əsgərləri ilə koordinasiyalı şəkildə sərhəd patruluna başlayacaq.
Oktyabrın 21-də Hindistan və Çinin Xarici İşlər Nazirlikləri Şərqi Ladaxdakı Faktiki Nəzarət Xətti boyunca patrul xidməti haqqında razılığa gəldiklərini təsdiqləyiblər ki, bu da qoşunların bölgədən çıxarılmasına və 2020-ci ildə sərhəd münaqişəsi nəticəsində yaranan problemlərin həllinə yol açıb.
Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhəd yoxdur və iki ölkə onilliklər ərzində gərginlik mənbəyi olaraq qalan Faktiki Nəzarət Xətti ilə ayrılır.