Köşə Yazıları Ruslan Bayramlı

Finlandiya cəmiyyətini inşa edən müəllim

Cəmiyyətin düşməni cəhalət, cəhalətin düşməni isə müəllimdir.

Tarix boyu müxtəlif xalqların hökmranlığı altında olan finlər elə də diqqət çəkməyiblər. Saylarının azlığı da bu xalqın tarix səhnəsində çox az-az görünməsinə səbəb olan amillərdən olub. Lakin I Dünya Müharibəsi, həmçinin II Dünya Müharibəsindən təsirlənmələri də onlarda ümidsizliyə səbəb olmamış, əksinə, hər şeyə rəğmən qısa müddət ərzində inkişaf edərək sosial-iqtisadi yönləri ilə öz standartlarını formalaşdırmağı bacarmışlar.

Bataqlıqlarla dolu olan meşələrdən, daşlı torpaqlardan ibarət bu balaca ölkənin inkişaf səbəbləri arasında Yohan Vilhelm Snelman (1806–1881) kimi şəxsləri görməmək mümkün deyil.

1806-cı ildə İsveçdə doğulan Snelman Rusiyanın Finlandiyanı ilhaq etməsilə 1809-cu ildə ailəsi ilə birgə Finlandiyaya gələrək həyatının sonunadək orada yaşamağa başlamışdır.

Dövrünün böyük alimi, siyasətçisi, filofosu olan Snelman Finlandiyada sadəcə yaşamamış, həm də tarix yazmağı, sözün əsl mənasında, Finlandiya cəmiyyətini yenidən inşa etməyi bacarmışdı. Snelmanı fərqləndirən çox önəmli özəlliklərdən biri də onun pedoqoq, müəllim olması idi ki, bu da Finlandiya xalqının inkişafının əsasını təşkil edirdi. Onun fədakarlığı və özünəxas motivasiyası zaman keçdikcə fikirlərindən təsirlənənlərin sayının artmasına səbəb olmuşdur.

Snelman çox yaxşı bilirdi ki, Finlandiya cəmiyyətinin inkişafının qarşısını alan əsas səbəblərdən biri cahillikdir. O bütün problemlərin öhdəsindən gəlməyin yeganə yolunun təhsil olduğuna inanır, bu baxımdan xalqının inkişafına təkan verəcək təhsil sisteminin qurulmasına çalışırdı. Buna görə də ətrafında onu anlaya bilən, fikir mübadiləsi apara biləcəyi mühit formalaşdırmağı, ölkə boyunca müxtəlif seminarlar, toplantılar keçirərək xalqı maarifləndirməyi qarşısına məqsəd qoymuşdu. Onun ilboyu bütün ölkəni gəzərək etdiyi çıxışlar xalqın diqqətini cəlb etməyə başlamışdı.

Əslində, Snelmanı fərqləndirən özəlliklərdən biri də öz xalqının bütün təbəqələrinə qarşı olan həssasiyyəti idi. O, davamlı olaraq aid olduğu cəmiyyətin daha sürətlə dəyişməsini təmin etmək barədə düşünürdü. Bunun üçün onun müraciət etdiyi insanların başında müəllimlər, dövlət qulluqçuları və hərbçilər gəlirdi. Snelman cəmiyyətin əsasını təşkil edən ailə institutunu da diqqətdən kənarda saxlamırdı. Bundan başqa, o dövrdə xalqın əsas hissəsini təşkil edən kəndlilər də Snelman üçün xüsusən önəmli idi. O, çıxışlarında ölkəsini böyük bir ailə kimi görür, bu ailənin bütün nümayəndələrini qardaş hesab edirdi. Həmçinin qeyd edirdi ki, insanların yoxsulluğu, cəhaləti bizim nöqsanımızdır. Snelman ətrafında olan aydın insanlardan xalqının maariflənməsi üçün var gücləri ilə çalışmalarını istəyir, yalnız bu vasitə ilə dünya xalqları arasına daxil olmağın mümkün olduğuna inanırdı.     

Müxtəlif mövzularda seminarlar təşkil edən Snelman yaxın dostları ilə ədəbi və fəlsəfi mövzuları müzakirə etmək üçün “Saturday Society” (“Şənbə cəmiyyəti”) adlı bir cəmiyyət qurmuşdu. O bu cəmiyyətə Finlandiya mədəniyyətinin tanınmış şəxslərini, o cümlədən gələcəkdə bu mədəni irsin davamçıları ola biləcək tələbələri cəlb etmişdi. Snelman qurduğu bu cəmiyyətin fəaliyyətini yaxından izləyir, hətta bu işdə öz xanımının da dəstəyini alırdı.

Bataqlıqlarla zəngin, heç bir təbii sərvəti, o cümlədən əkin üçün belə yararlı torpağa sahib olmayan Finlandiya fin xalqının müstəsna səyləri hesabına bu gün dünyanın ən gözəl ölkəsinə çevrilib. Göründüyü kimi, qayəsi öz xalqının rifahı olan fikir sahiblərinin rəhbərliyi altında insanlar əl-ələ verərək qısa zamanda fərqli bir inkişaf yolu qət etməyi bacardılar. Bu inkişaf nümunəsi günümüzdə səfalət, xaos, müharibələr baş verən ölkələrin də inkişaf edəcəyinə ümid verir. Albert Eynşteynin dediyi kimi:Bir ölkənin gələcəyi o ölkənin insanlarının təhsilindən asılıdır”.