Təhsil ailədə başlayar…
Bir valideynin övlad(lar)ının təhsil həyatındakı rolu nədən ibarətdir? Bu sual ailə və məktəb əlaqələri baxımından çox önəmlidir. Belə ki, uşaqların həyatında məktəb dövrü onların gələcək həyatlarının formalaşdığı illərdən hesab olunur.
Təhsil sosial proses olduğu üçün müxtəlif tərəflərin iştirakı qaçınılmazdır. Bu mənada valideynlər övladlarının təlim-tərbiyəsində, onların akademik uğurlarında, həmçinin ümumi inkişaflarında mühüm rol oynayırlar. Valideynlər övladları üçün yalnız yol göstərən deyil, eyni zamanda bu yolda övladları ilə bərabər yürüməyi də bacarmalıdırlar. Şəxsiyyətin inkişafında, öyrənmə qabliyyətinin, xarakter inkişafının, həmçinin digər özəlliklərin formalaşmasında valideynlərin yeri danılmazdır.
Uşaqların intellektual, emosional, fiziki, sosial və psixoloji yönlərdən inkişafına özünəməxsus dəstək vermək gücündə olan məktəblər eyni zamanda şagirdlərin məsuliyyətli vətəndaş kimi formalaşmasını da təmin edirlər. Məktəblər öyrənmənin təmin olunmasında mühüm rol oynasalar da, onlar bu prosesdə tək deyillər. Bununla belə uşaqların evdə aldığı tərbiyə, sevgi və dəstək mühiti davamlı olaraq onların ümumi inkişafının əsasını təşkil edir.
Məktəb və ailə arasında əməkdaşlıq vacibdir. Tədqiqatlar göstərir ki, müəllimlər və valideynlər arasında aktiv əməkdaşlıq uşaqların daha yaxşı akademik göstərici əldə etmələrinə səbəb olur. Həmçinin bu əlaqələr uşaqların davranışlarının formalaşmasına və sosial bacarıqlarının inkişafına da əhəmiyyətli dərəcədə töhfə verir.
Əvvəldə verilən suala yenidən nəzər salaraq qeyd etmək lazımdır ki, məktəblər uşaqların öyrənməsini təmin etmək baxımından əhəmiyyətli rol oynasalar da, təhsil prosesinin əsas məsuliyyəti həm də valideynlərin üzərinə düşür. Yaxşı məktəb amili önəmli olduğu qədər həmin yaxşı məktəblə valideynlər arasındakı əməkdaşlıq da uşaqların daha yaxşı nəticələr göstərməsində vacib faktordur.
Məktəb və ailə arasında effektiv münasibətləri qurmağın əsas yollarından biri eyni dəyərlərin paylaşılmasıdır. Cəmiyyətlərdə yaşanan müxtəlif problemlərin köklü səbəblərindən biri də məktəb dəyərləri ilə ailə dəyərləri arasında ziddiyyətin olmasıdır. Belə ki, məktəblərdə öyrədilən dəyərlərlə evdə öyrədilən dəyərlər arasında əlaqənin pozulması istər valideynlər üçün, istərsə də məktəb üçün ciddi problemlərə yol açmış olur.
Valideynlər övladlarının təhsil alması üçün zəruri şərait yaratmaqla onların təhsil prosesinə dəstək olmuş olurlar. Buna öyrənmə üçün lazım olan şəraitin təmin edilməsi, dərs vəsaitləri və digər zəruri təlim materialları daxildir. Araşdırmalar da sübut edir ki, valideynlərin övladlarının təhsilinə dəstəyi onların məktəbə marağının və motivasiyasının yüksəlməsinə səbəb olur.
Təhsil prosesində valideynlərin üzərinə düşən önəmli vəzifələrdən biri də müntəzəm olaraq övladları ilə onların təhsili haqqında söhbət etməkdir ki, bu da şagirdlərin akademik uğurlarını və özünə inamını artırır. Müsbət rəy vermək və onları öyrənməyə həvəsləndirmək uşaqların dərslərinə qarşı daha həssas münasibət formalaşdırmağa kömək edir.
Valideynlərin övladlarının məktəb fəaliyyətlərində aktiv iştirakı onların məktəblə bağlılığını gücləndirir. Belə ki, məktəbdə təşkil olunan müxtəlif növ iclas və tədbirlərdə iştirak etmək uşağın inkişafında mühüm rol oynayır. Öyrənməyə dəyər verən, təlim-tərbiyə prosesində fəallıq göstərən valideynlər övladlarına nümunə olurlar. Uşaqlar öz valideynlərinin kitab oxuma, problem həll etmə bacarıqlarını və biliyə marağını müşahidə etməklə özlərində də bu proseslərə marağı artırmış olurlar. Bu barədə çox yaxşı bir deyim var: “Yaxşı nümunə ən yaxşı tərbiyədir”.
Təhsil həm də emosional bir prosesdir. Valideynlər övladlarına emosional dəstək verməli, onlara stressin öhdəsindən necə gəlməyi və özünə inamı inkişaf etdirməyə kömək etməlidirlər. Çətinliklə üzləşən uşaqların yanında olmaq və həvəsləndirmək onların təhsildə daha əzmkar olmasına kömək edir.
Görünən odur ki, valideynlərin təhsil prosesində iştirakı yalnız uşaqların məktəb təhsilində uğur qazanmaları üçün deyil, həm də onların ömür boyu öyrənmə bacarıqları və şəxsi inkişafı baxımından çox vacibdir.