Xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda aqrar torpaqların icarəyə verilməsinə dair qaydalar təsdiq edilib

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib.

“Füyuzat”ın məlumatına görə, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və tətbiq ediləcək güzəştin həcmini 3 ay müddətində təsdiq edib Prezidenti məlumat verməli, həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə müraciət edə bilmələri üçün onların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli, yenilənmiş qanundan və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Kənd Təsərrüfatı Nazirliyi isə aqrar təyinatlı torpaqların icarəyə verilməsinin EKTİS vasitəsilə təşkili üçün tədbirlər görməli, kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə onların təlim keçməsi üçün tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi işğaldan azad edilmiş ərazilər üzrə təklif daxil olduğu tarixdən 2 ay müddətində Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında torpaqların müəyyən edilməsini və 5 hektardan az olmayan konturlara (parsellərə) bölünməklə kompleks yerquruluşu layihələrinin hazırlanmasını təmin etməli, icarəyə verilmiş torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən olunmuş müddətdə və qaydada təmin etməlidir.

Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, üç ay müddətində torpaqlarda yol-nəqliyyat infrastrukturunun qurulmasını təmin etməli, “Azərişıq” ASC üç ay müddətində torpaqları elektrik təchizatı şəbəkəsi ilə təmin etməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir il müddətində torpaqları su təchizatı şəbəkəsi ilə təmin etməli, Maliyyə Nazirliyi nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar zəruri maliyyələşməni təmin etsin və tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərə tutulması üçün tədbirlər görməlidir.