Bu gün LIBRAFF kitab evində gənc şair, yazar Mir Kamil Ağazadənin “İkimizin dilində” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
“Füyuzat”ın məlumatına görə, təqdimatda yazarın qələm dostları, yaxınları, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs , kitabın ön söz müəllifləri İlqar Fəhmi və Leyla İmaməliyeva, yazıçı Pərviz Seyidli, qiraətçi Anar Atakişiyev, şair Səddam Laçınlı, Əməkdar jurnalist Sakit Ocaqlı və oxucular iştirak edib.
Kitabda gənc şairin əruz və heca vəznində yazdığı şeirləri, həmçininin bir essesi çap edilib. Qeyd etməliyik ki, Mir Kamil Ağazadənin mətbuatda ara-sıra şeirləri də dərc olunur. Bu, yazarın ilk kitabıdır.
Tədbirdə ilk söz AYB-nin katibi, yazıçı İlqar Fəhmiyə verilib. O, tədbirlə bağlı təəssüratlarını, özünün yazmağa başladığı ilk zamanlardan, əruz vəzninin özəlliklərindən, qəzəl yazmağın çətinliyindən və Mir Kamilin şeirlərindəki əsas fikirlərdən danışıb. Tədbir iştirakçılarına və kitabın çapında zəhməti keçənlərə təşəkkürünü bildirib.
MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu sözügedən kitabın yalnız Mir Kamilin deyil, MİMTA fondunun da ilk gənc şair kitabı olduğunu vurğulayıb. Əsəd Aslanoğlu şeirin spesifik xüsusiyyətlərindən danışıb, şairin fikirlərinə toxunub.
Mir Kamilin müəllimi Leyla İmaməliyeva isə şairlərin keçdiyi ümumi proseslərdən danışıb. Sonda Mir Kamilə uğurlar arzu edib və tələbəsinin fəaliyyəti ilə qürur duyduğunu bildirib.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Mir Kamillə tanış olduğu zamandan bəhs edib, həmçinin özünün ilk kitabın nəşrini xatırladıb. Yazara uğurlar arzu edərək tədbir təşkilatçılarına təşəkkürünü bildirib.Daha sonra tədbir gənc qiraətçilərin sözügedən kitabdan müxtəlif şeirlər, qəzəllər səsləndirməsi ilə davam edib. Sonda isə yazar Mir Kamil Ağazadə çıxış edib. MİMTA Yayımlarına və kitabda əziyyəti keçən hər kəsə təşəkkürlərini bildirib. Kitabın ərsəyə gəlməsi ilə bağlı təəssüratlarını oxucularla bölüşüb.
Təqdimatın sonunda müəllifin oxucularla imza mərasimi keçirilib.