Füyuzat 139

Con Boyn ilə müsahibə

Sizinlə Bakıda görüşmək çox xoş oldu, əziz Con Boyn! Söhbətimizə elə Bakı səfərinizlə başlamaq istərdik. Bizim küləklər şəhərimizi necə təsvir edərsiniz? Buradakı mühit xoşunuza gəlirmi?

– Bəli, sadəcə bir neçə gündür buradayam. Lakin şəhəri gəzməyə imkanım olmamışdı. Dərindən təsirləndim. Buranın insanları çox qonaqpərvərdir. Arxitektura da mənə çox maraqlı gəldi. Yeni və köhnə arasında bir balans var. Yerlər çox cəlbedicidir.

– Azərbaycan ədəbiyyatı dedikdə İrlandiya ədəbi mühiti kimləri tanıyır və oxuyur? Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı dünyada necə dəyərləndirilir?

– Məncə, ingilisdilli naşirlər dünyanın başqa yerindən olan yazarların əsərlərini tərcümə etməkdə yaxşı deyillər, çox təəssüf ki. Əslində, bunun dəyişməsini çox istərdim. Mən ölkələrə səfər edəndə həmin ölkələrdə mənimlə eyni üslubda, eyni dövrdə yaşayan yazarların əsərlərini oxumaq, tanımaq istəyirəm. Təəssüf ki, Azərbaycan ədəbiyyatı haqqında çox şey bilmirəm, lakin az da olsa, məlumatlı olmaq istəyərdim.

– 30 ildir ki, müntəzəm şəkildə yaradıcılıqla məşğul olursunuz. Kifayət qədər böyük uğurlara da imza atmısınız. Sizcə, bu uğurun əsas səbəbi nədir?

– Təşəkkür edirəm. Bilirsiniz, hər bir romanım üzərində çox işləyirəm. Onlara qayğıyla yanaşıram. Hər zaman yaza biləcəyimin ən yaxşısını yazmaq üçün çalışıram. Emosional hekayələr yazdığımı düşünürəm. Hər zaman da qəlbimdən gələnləri paylaşıram. Çünki oxucuların da bu kitaba emosional cavablarının, ya da bağlarının olmasını və oxuduqdan sonra unutmamalarını istəyirəm. Məncə, elə meyar bu cür olmalıdır.

– Oxucularınızın əksər qismi sizi “Zolaqlı pijamalı oğlan” əsərinizdən sonra tanıyıb. Uşaq və gənc ədəbiyyatı oxucular tərəfindən rəğbətlə qarşılanır, hələ ki o əsər dərin məna qatları ilə zəngindirsə. Məsələn, elə dünyaca məşhur Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri. Sizin uşaq ədəbiyyatına münasibətiniz necədir?

– Bəli, sizinlə tamamilə razıyam. Düşünürəm ki, uşaq və yetkinlər üçün ədəbiyyatda istifadə olunan fikirlər və sözlər müəyyən mənada kitab terminləridir. Gənc obrazları yazan yazıçıların bu qəbildən olan çoxlu belə kitabları var. Həmin əsərləri böyüklər də oxuya bilər və ya əksinə ola bilər. Bu, məncə, diktə etməklə bağlı bir şey deyil. İstənilən yaş oxuya bilər. Düşünürəm ki, yaxşı hekayə elə yaxşı hekayə, yaxşı kitab yaxşı kitab və yaxşı yazıçı elə yaxşı yazıçıdır…

Müəllif: Fidan Vahid
Tərcümə: Yunus Müşfiq

Davamı…