Bakı metrosunun 2030-cu ilə qədər inkişaf proqramına əsasən, 10 yeni stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.
“Füyuzat”ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə keçirilən mətbuat konfransında deyib.
Nazir müavininin sözlərinə görə, 2025-2030-cu illər ərzində proqramın icrası üçün 4,202 milyard manat vəsait tələb olunur: “Bu vəsaitin 493 milyon manatı cari il üçün nəzərdə tutulub”.
R. Hümmətov vurğulayıb ki, proqram çərçivəsində sərnişin axınını 88 milyon nəfərə çatdırmaq məqsədilə 2 stansiyanın tikintisinin başa çatdırılması, 1 stansiyanın təmir edilməsi və 8 yeni stansiyanın inşası planlaşdırılır. “Artıq 6 stansiyanın yeri müəyyənləşdirilib”.
Onun sözlərinə görə, “Bənövşəyi xətt”də 6, “Yaşıl xətt” üzrə isə 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur:
“Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq, Bakı metropoliteninin inkişafı çərçivəsində ‘Yaşıl xətt’in ‘Xətai-Həzi Aslanov-2’ seqmentində 4 stansiya, həmçinin ‘Dərnəgül’ elektrik deposunun tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, ‘Bənövşəyi xətt’in inkişafı ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə sərnişin axınının daha səmərəli tənzimlənməsi və metropolitenin tranzit rolunun gücləndirilməsi hədəflənir”.
Son illərdə Bakı metropoliteninin modernləşdirilməsi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayan nazir müavini əlavə edib ki, 7 metro stansiyası və 1 depo inşa edilib, yeni “Bənövşəyi xətt” istifadəyə verilib.
O qeyd edib ki, COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və bununla da yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb:
“Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlərin təmin olunmasına şərait yaradacaq”.