Xəbərlər

“Türk dünyası simvolu – xalça” adlı beynəlxalq konfrans keçirilib

Oktyabrın 11–12-də Azərbaycan Milli Xalça Muzeyində “II Türk Dünyası – Muzeylər Görüşü” tədbiri çərçivəsində “Türk dünyası simvolu – xalça” adlı beynəlxalq konfrans baş tutub. Konfransın təşkilində məqsəd türk dünyasında muzey sahəsində baş verən yeniliklərlə tanış olmaq, təcrübə və bilik mübadiləsi aparmaq, yeni layihələri müzakirə etmək olub.

“Füyuzat”ın məlumatına görə, konfransın açılışında əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin şanlı salnaməsidir. Qeyd edib ki, bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və TÜRKSOY-un 30 illik yubileyi çərçivəsində bir sıra tədbirlər keçirilir.

“II Türk Dünyası – Muzeylər Görüşü”nün türk dünyasının mədəni irsinin qorunması baxımından xüsusi önəm daşıdığını bildirən Səadət Yusifova qeyd edib ki, konfrans çərçivəsində keçirilən “Ümumdünya mədəni irsi – xalça”, “Xalçanın dili – damğalar” adlı sessiyalar iştirakçılarda böyük maraq doğurub.

TÜRKSOY-un Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü çıxış edərək bildirib ki, bu tədbirin TÜRKSOY-un 30 illik yubiley ilində keçirilməsi çox önəmlidir. TÜRKSOY-un yubileyinin 6 türk dövlətində xüsusi proqramlarla qeyd olunduğunu söyləyən C.Mövsümlü diqqətə çatdırıb ki, Bakıda keçirilən ikigünlük konfrans Şuşa şəhərində tədbirlərlə davam edəcək.

“Bizi birləşdirən xalçalar bizim ortaq bir irsimizdir”, – deyən Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, Xalça Muzeyi dünyanın ilk və yeganə xalça muzeyidir. Muzey 1967-ci ildə Azərbaycanda təsis olunub.

“Muzeyimiz özündə 7 kolleksiyanı birləşdirir. Bizim kolleksiyamız ildən-ilə genişlənir, yeni sərgilər açılır. Çox istəyirik ki, türk dünyası xalçalar ətrafında çox dərin araşdırmalar və müzakirələr aparsın. Sonda bu işin nəticəsi olaraq gözəl bir kitab ərsəyə gəlsin”, – deyə o əlavə edib.

Daha sonra tədbirdə Özbəkistan Mədəni İrsinin Öyrənilməsi, Mühafizəsi və Təbliği üzrə Ümumdünya Cəmiyyəti İdarə heyətinin sədri Firdavs Abdulxalikov və Ankara Sosial Elmlər Universitetinin rektoru, professor Musa Kazım Arıcan çıxış ediblər.

Beynəlxalq tədbirin akademik sessiyalarında “Ümumdünya mədəni irsi – xalça”, “Xalçanın dili – damğalar”, “Muzeylərdə xalçaların saxlanılması, konservasiyası və sərgilənmə metodları” mövzuları müzakirə olunub.

Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan çox mütəxəssis məruzələrlə çıxış edəcək. İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb.

Qonaqlar, həmçinin Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin eksponatlarından ibarət sərginin açılışında da iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, tədbirin qonaqları oktyabrın 13–14-də Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumuna qatılacaqlar. Şuşa şəhərində, həmçinin TÜRKSOY Muzeylər Birliyinin toplantısı keçiriləcək. Qonaqlar burada muzeyləri və tarixi məkanları da ziyarət edəcəklər.