Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında MİMTA Yayımları tərəfindən çap olunan yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin “Şərq musiqisinin incisisi” kitabının təqdimat mərasimi baş tutub.
“Füyuzat”ın məlumatına görə, tədbir kollecin direktoru Nazim Kazımovun açılış nitqi ilə başlayıb. O, qonaqları salamlayıb və tədbir haqqında qısa məlumat verib.
Daha sonra çıxış edən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) icraçı direktoru Pərviz Əmirov kitab haqqında qısa məlumat verib və bildirib ki, hər il bu kimi layihələrə dəstək olan MİMTA Fondu bu il də “Şərq musiqisinin incisisi” kitabını nəşr edərək öz ənənəsinə sadiq qalıb.
Kitabın müəllifi – yazıçı-publisist Mustafa Çəmənli kitabın gələcək əhəmiyyətinə toxunub: “Ola bilər ki, bu gün kitabın dəyərini bir o qədər anlaya bilmirlər. Seyid Şuşinskinin yanında onu 20 il müşayiət edən tarzən Kamil Əhmədov Seyidi çox yaxşı tanıyırdı. O söyləyirdi: “Seyid mənə demişdi ki, gün gələcək məni axtarıb səni tapacaqlar. Mustafa, sən ki bu qədər mənim yanıma gəlirsən, bir gün də gələcək, bizi axtarıb səni tapacaqlar”.
Həmçinin Xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova və bir sıra musiqişünaslar da çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.
Təqdimatda kitab naşirləri ilə yanaşı, MİMTA Fondunun və Musiqi Kollecinin əməkdaşları, bir çox ziyalılar və başqaları iştirak edib.
Qeyd edək ki, kitabda Seyid Şuşinski haqqında xatirələr, müsahibələr, maraqlı faktlar və sənədli hekayələr toplanıb.